Dünən

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. 

Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.

Beləliklə, Məcəllə ilə dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.

Qanuna əsasən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanun, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qüvvədən düşür.

Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malikdirlər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?