Ağdaşın 11 kəndi və Bakının bəzi ərazilərində işıq olmayacaq

Ağdaş rayonunun bir sıra kəndlərində və Bakının Yasamal rayonunun bəzi ərazilərində noyabrın 2-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35 kV-luq “Pirkəkə” hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:30-dan 13:30-dək Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd və Yuxarı Nemətabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Eyni zamanda, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən transformator məntəqəsində də təmir işləri görüləcək.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov və Uluxanlı küçələrində, Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra hər iki ərazidə abonentlərin elektrik enerjisi ilə təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.