Daha 4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Təhlil.az xəbər verir ki, yığmanın yeni üzvü Anna Zaytseva (63 kiloqram) 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) / Anna Kriza (Macarıstan) cütünün qalibini sınağa çəkəcək.
Kişi cüdoçular arasında isə 81 kiloqram çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq. Vüsal Qələndərzadə təsnifat mərhələsində bolqarıstanlı Hristo Valkovla, Zelim Tçkayev və Ömər Rəcəbli isə 1/16 finalda müvafiq olaraq, Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün və Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.