Bu gün

Korrupsiya barədə məlumat verənlərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərin məlumatının təsdiqlənməsi halında onlara maddi mükafat ödənilməsi təklif olunur.

Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına, büdcə təşkilatlarında isə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.

Mükafat məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumatın araşdırılaraq təsdiqini tapması barədə məlumatlandırıldığı tarixdən etibarən 10 iş günü müddətində ödənilməlidir.

Qanun layihəsində mükafatın məbləğinin minimum əməkhaqqının 25 mislindən çox ola bilməyəcəyi müəyyən edilir. Mükafatın məbləği müəyyənləşdirilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Layihəyə görə, mükafatın rəsmiləşdirilməsi və ödənilməsi zamanı məlumat verən şəxsin konfidensiallığı qorunmalıdır. Bu tədbirlərin həyata keçirilməsini təmin edən şəxslərin məlumat verən şəxs barədə onlara məlum olan məlumatları digər şəxslərə açıqlamasına yol verilməyəcək.

Bundan əlavə, cinayət təqibi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildikdə, xüsusi müsadirə edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitin, xüsusi müsadirə edilmiş pul vəsaitinin, yaxud dövlət büdcəsinə ödənilməsi təmin edilmiş məbləğin və ya dövlətə ödənilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödəniləcək.

Cinayət işi üzrə məlumat verən şəxsə bu vəsaitin ödənilməsi barədə qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.

Qanun layihəsində korrupsiya barədə məlumat verən şəxsin, onun yaxın qohumunun və ya qohumunun məlumat verməsi ilə əlaqədar həlak olması və ya bədən xəsarəti alması halında sosial müdafiə tədbirləri də nəzərdə tutulur.

Belə şəxsin həlak olması halında ailəsinə onun işlədiyi təşkilatın büdcəsi hesabına 20 000 manat məbləğində birdəfəlik müavinət ödənilməsi təklif edilir.

Məlumat verən şəxsin, onun yaxın qohumunun və ya qohumunun korrupsiya barədə məlumat verməsi ilə əlaqədar bədən xəsarəti alması halında isə 10 000 manat məbləğində birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur.

Eyni zamanda, məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verməsi ilə əlaqədar əmlakına dəymiş ziyanın Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada ödənilməsi təklif olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?