Bu gün

Azərbaycandan keçən tranzit yük 2030-cu ilədək 30 milyon tona çatdırılacaq

Azərbaycandan keçən tranzit yüklərin həcmi son beş ildə təxminən iki dəfə artıb. 2026-cı ilin təxminən 16 milyon ton tranzit yüklə başa vurulması, 2030-cu ilədək isə bu göstəricinin 30 milyon tona çatdırılması planlaşdırılır.

Təhlil.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın bağlantı strategiyasının əsas istiqamətlərini Orta Dəhliz və rəqəmsal dəhliz təşkil edir.

O bildirib ki, Bakı Limanında ilin ilk doqquz ayında emal olunan konteynerlərin həcmi illik müqayisədə 30 faizdən çox artıb. Limanın ikinci genişləndirmə mərhələsindən sonra konteyner qəbul etmə qabiliyyətinin 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, Naxçıvan üzərindən Türkiyəyə uzanacaq Zəngəzur dəhlizi Azərbaycanın qərb istiqamətində ikinci çıxışını formalaşdıracaq və illik 15 milyon tona qədər yükdaşıma potensialına malik olacaq.

Həsənov Almaniya şirkətlərini Orta Dəhlizdə yük sahibi, logistika operatoru, texnologiya təminatçısı və investor kimi görmək istədiklərini bildirib. Bakı Limanının genişləndirilməsi üzrə əməkdaşlıq modeli Almaniya şirkətləri ilə də müzakirə olunur.

O əlavə edib ki, son dörd ildə Azərbaycan üzərindən tranzit uçuşların sayı 5 dəfədən çox artaraq ildə 260 minə çatıb.