Horadiz–Ağbənd dəmir yolu üzrə görülən ən son işlər

Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85, tikinti-quraşdırma işlərinin isə 73%-i yerinə yetirilib.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində 8 stansiya, 40 körpü, 22 avtomobil keçidi, 4 tunel və 3 qalereyanın, ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.
"İnşa edilən körpülərdən biri 771 metr uzunluğa və 20 aşırıma malik olmaqla Azərbaycanda tikilmiş ən uzun dəmir yolu körpüsüdür.
Dəmir yolunun üçüncü mərhələsi üzrə 3 tunel inşa edilir. Onlardan biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir və uzunluğu 677 metrdir. 1071 metr uzunluğu olan digər tunel isə ölkənin ən uzun dəmir yolu tunelidir", - məlumatda bildirilib.
Vurğulanıb ki, tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq normativlər tətbiq olunur: "Bütün bu işlər yalnız regional nəqliyyat infrastrukturunun inkişafı üçün deyil, həm də strateji və geosiyasi əhəmiyyət baxımından mühüm rol oynayır.
Horadiz–Ağbənd dəmir yolu xətti Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək".
Horadiz–Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km təşkil edir.