Bu gün

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür.

Təhlil.az xəbər verir ki, bu il 1966-cı ildə BƏT və UNESCO tərəfindən qəbul edilən “Müəllimlərin statusuna dair Tövsiyə” sənədinin 60 illiyi tamam olur.

Hazırda Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir. Ölkənin inkişafında müəllim əməyinin xüsusi rolu var. Ümummilli Lider Heydər Əliyev də müəllim peşəsini yüksək qiymətləndirərək “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyib.

Son 25 ildə Azərbaycanda 4 minədək məktəb binası tikilib və ya əsaslı təmir olunub. 2026–2027-ci tədris ilində isə 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Azərbaycan müəllimi artıq altıncı ildir ki, Beynəlxalq Müəllimlər Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edir. 2020-ci il Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini və 671 müəllim döyüşlərdə iştirak edib, 20 təhsil işçisi şəhid olub.

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin və təhsil müəssisələrinin yaradılması Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir.

Son illərdə həyata keçirilən sertifikatlaşdırma prosesi nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavə edilib.

“Rəqəmsal bacarıqlar” layihəsi 2026–2027-ci tədris ilində 1001 məktəb və 630 mindən çox şagirdi, STEAM layihəsi isə 563 məktəb və 312 197 şagirdi əhatə edir.

Bu gün Azərbaycan müəllimləri müasir təhsil modelini tətbiq etməklə şagirdləri XXI əsrin çağırışlarına və gələcəyin tələblərinə hazırlayırlar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?