2,9 ton narkotik, 3378 silah dövriyyədən çıxarıldı – 6 aylıq nəticələr

İyulun 10-da Daxili İşlər Nazirliyində 2025-ci ilin ilk yarısında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Təhlil.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 17 049 cinayət faktı qeydə alınıb. Onların 94,4 faizi DİN və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə:
Ağır və xüsusilə ağır cinayətlər 18,9%,
Qəsdən adam öldürmələr 39,1%,
Odlu silahla törədilən cinayətlər 2 dəfə,
Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 19,8%,
Qrup halında törədilənlər 18,8%,
Məişət zəminində baş verənlər 5,5%,
Mülkiyyət əleyhinə olanlar 4,2%, o cümlədən oğurluqlar 6,2%, dələduzluqlar 7,3% azalıb.
Əməliyyat tədbirləri nəticəsində cinayətlərin 92,8 faizi açılıb. Prokurorluq orqanları ilə birgə fəaliyyətdə keçmiş illərdən bağlı qalmış 232 cinayətin üstü açılıb, 2196 cinayət faktı üzrə operativ cavab tədbirləri görülüb. Axtarışda olan şəxslərin 79,7 faizi saxlanılıb. Dövriyyədən 3378 ədəd odlu silah çıxarılıb.
Mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 305 cinayətkar qrup zərərsizləşdirilib. Onlardan 103-ü ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunur. Qanunsuz odlu silah saxlama ittihamı ilə 82 nəfər məsuliyyətə cəlb edilib.
Hesabat dövründə qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə müsadirə olunub, 151 tondan artıq narkotik xassəli bitki aşkar edilərək məhv edilib.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə mediada qabaqcadan məlumat verilməklə 4032 nəfərin qəbulu təşkil olunub və müraciətlərin əksəriyyəti müsbət həllini tapıb.