Dünən

Politoloq: “Əbu-Dabi görüşü sülh üçün tarixi fürsətdir” - AÇIQLAMA

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş çox konstruktiv keçə bilər". 

Bu fikirləri təhlil.az saytına açıqlamasında politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Tofiq Abbasov deyib.

O bildirib ki, liderlər arasında keçirilən görüş çox vacibdir: 

"Çünki sülh prosesi davam edir, lakin fasilələr və planlaşdırılan qrafikdən yayınmalar olub. Lakin burada Azərbaycanın heç bir günahı yoxdur. Bakı hər zaman dialoqu davam etdirməyə hazırdır". 

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi daim müsbət və mənfi cəhətləri ölçüb-biçib və bəzən bütün prosesləri uzun müddət ertələyib:

“Ona görə də son günlər xüsusilə aydın oldu ki, məhz Ermənistanda daxili siyasi-ictimai gərginliyin artması ilə Nikol Paşinyan, əksinə, Azərbaycanla dialoqu davam etdirmək əzmindədir və faktiki olaraq, indi biz hər iki tərəfi birləşdirən ideyanın təntənəsini görürük. Bu, prosesin ikitərəfli format səviyyəsində aparılmasıdır. Bu baxımdan vasitəçilərin, üçüncü şəxslərin olmaması məsələnin yalnız müsbət tərəfidir”.

T. Abbasov qeyd edib ki, sülh sazişinin əldə olunması məsələsi çoxdan yetişib:

"Bakı öz baxışını, tələblərini irəli sürüb. Bu, ATƏT-in Minsk Qrupunun rəsmi səviyyəsində buraxılması və Ermənistan Konstitusiyasına dəyişikliklər və nəticə olaraq, Qarabağla bağlı maddənin bu sənəddən çıxarılmasıdır. Yəni, Qarabağ həmişə Azərbaycan olub, bir gün də olsun Azərbaycandan kənarda olmayıb. Bakı onu 5 il əvvəl işğaldan azad edib. Ona görə də Allah özü, necə deyərlər, münasibətləri yaxşılaşdırmaq üçün dialoq aparmağı və nəhayət, son addıma yaxınlaşıb onu atmağı tapşırıb”.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki dövrün bütün erməni liderlərinin və özünün buraxdığı səhvlərdən xəbərdardır: 

"O, başa düşür ki, nifrət və eskalasiya siyasəti Ermənistana heç nə gətirməyib və heç nə gətirməyəcək. Azərbaycan işğala məruz qalmasına, çoxlu sayda qaçqın və məcburi köçkün ordusu ilə üzləşməsinə baxmayaraq, bu nəhəng yükün öhdəsindən layiqincə gəlməyi bacardı və bölgənin Ermənistan-Azərbaycan qarşıdurmasından əziyyət çəkməməsi üçün bütün imkanları yaradıb. Bu gün İrəvan kilsə ilə birgə Ermənistanı geri çəkən müxalif qrup olan ballastdan yaxa qurtarmaq lazım olduğunu anlayaraq qətiyyət nümayiş etdirir. Paşinyan bununla bağlı praqmatik siyasət aparır və ən əsası o, ölkə əhalisinin əksəriyyətinin dəstəyini hiss edir”. 

Rasim Babayev  

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?