Dünən

Ermənistanda seçki deyil, siyasi müharibə başlayır: hədəfdə həm müxalifət, həm kilsə - TƏHLİL

Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri respublika tarixinin ən qalmaqallı və gərgin seçkisinə çevrilib. Bir sıra xarici qüvvələr bu məqsədlə aktivləşərək seçkilərə müdaxilə etməyə başlayıb. İlk növbədə söyləmək lazımdır ki, bu seçkinin əsas məqamlarından biri İrəvanda Qərblə Rusiyanın münasibətlərinə aydınlıq gətirməsi olacaq.

Artıq Avropa İttifaqı seçkilərə aktiv şəkildə qoşulub və hətta əlini cibinə də salıb. Məsələn, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvana səfəri zamanı müstəqil media qurumlarını və hibrid təhlükələrlə, dezinformasiya ilə mübarizəni dəstəkləmək üçün 270 milyon avro ayrıldığını elan edib. Kallasın anti-Rusiya mövqedə olduğu bəllidir. Maraqlıdır ki, bu məsələdən sonra nədənsə erməni mediasında Rusiya əleyhinə yazıların sayı artıb, Ermənistan teleməkanında Rusiya telekanallarının yayımının dayandırılması məsələsi daha ciddi şəkildə qabardılıb.

Bununla yanaşı, Ermənistan mətbuatının analizi göstərir ki, hakim “Vətəndaş müqaviləsi” partiyası həftənin şənbə günü Gorusda böyük iclas keçirəcək. Ehtimal etmək olar ki, bu görüşdə həm Əbu-Dabi görüşünün nəticələri müzakirə ediləcək, həm də partiyanın 2026-cı il seçkilərinə hazırlığı dəqiqləşdiriləcək. Müəyyən planların icrası, bu görüşdən sonra həbs dalğasının artacağı istisna edilmir. Çünki artıq mətbuatda buna hazırlıq gedir. Məsələn, Daşnaksütyun partiyasının sədri İşxan Saqatelyanın Moskvaya qaçması təsadüf sayıla bilməz. Bir neçə gün əvvəl onun da deputat toxunulmazlığının ləğvi, Baqrat Qalstanyanın “Müqəddəs mübarizə” hərəkatına dəstəyinin cinayət işi açılmasına səbəb olacağı danışılırdı. Elə buna paralel olaraq Daşnaksütyun partiyasının bir sıra üzvlərinin də həbs ediləcəyini ehtimal etmək olar. Çünki dünən günorta saatlarında sözügedən partiyanın maliyyə hesabatı yayımlanıb və məlum olub ki, 2024-cü ildə 137,9 milyon dram vəsait xərcləyən Daşnaksütyun cəmi 117,3 milyon dram əldə edib. Əlavə 20 milyon dramın haradan və hansı yolla əldə edildiyi naməlumdur və bu, hesabatda göstərilməyib. Bundan əlavə, hesabatda partiyanın balansında bir sıra iri daşınmaz əmlakın olduğu da qeyd olunub. Bu əmlaklar Sarkisyan-Köçəryan ittifaqı zamanı əldə edilib. Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu əmlakların da haqq-hesabı soruşulacaq və məsul şəxslərə qarşı cinayət işi qaldırılacaq.

Artıq bu gün səhər saatlarında Daşnaksütyuna qarşı hüquq-mühafizə orqanlarının reydləri başlayıb. Partiyanın İrəvan şəhər bürosunun üzvü Arsen Martoryan saxlanılıb. Paralel olaraq partiya bürosunun üzvünün, “Hayastan” fraksiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyanın, Daşnaksütyun ali orqan aparatının rəhbəri Vahan Matinyanın evlərində axtarışlar aparılır. Eyni zamanda partiyanın gənclər təşkilatının sədri Qevorq Muradyanın da evində axtarış aparılır.

Hadisələrin gedişatı göstərir ki, Paşinyan II Qaregini də ya taxtından edəcək, ya da həbsə göndərəcək. Çünki Ktriç Nersisyan, yəni II Qaregin əslində KQB agentidir. Bu, 1979-cu ildən bilinən bir həqiqətdir. Bu, onun hazırda FSB agenti olduğu mənasına da gəlir. Bununla yanaşı, Ktriç Rusiya OMON-unun dəstəyi ilə Rusiya yeparxiyasının arxiyepiskopu Tiranı da taxtdan endirərək, yerinə qardaşını gətirib.

Bütün bu faktların ortaya indi sızması II Qareginin həbsi ilə nəticələnə bilər.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?