Bu gün

Zəngəzur dəhlizi və yeni Konstitusiya: Ermənistanın taleyüklü qərarları yaxınlaşır - ŞƏRH

Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanmasına ən böyük maneələrdən biri kimi çıxış edən Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi iddialarının mövcudluğu regionda hələ də barışın bərqarar olmasına imkan vermir. Amma bundan ən çox zərər görən Ermənistan özüdür. Nəzərə alınmalıdır ki, bu ölkə hazırda həm də geosiyasi toqquşma məkanını üçün yeni ünvana çevrilir. Bu halda Ermənistanın xilas yolu Azərbaycan və Türkiyə kimi qüdrətli qonşuları ilə barış, əməkdaşlıq şəraitində yaşamaqdır. Məhz belə olan halda Ermənistan kənar təhdidlərə qarşı etibarlı müdafiə mexanizmi əldə edə, müxtəlif güc mərkəzlərindən gələn diqtələrə qarşı sipər qura bilər. Əslində, sözügedən reallığı Ermənistanda başa düşənlər də az deyil.

Qeyd olunan fonda Ermənistan hakimiyyəti diqqəti onda da yönəldir ki, ölkənin inkişafı üçün Konstitusiyaya dəyişikliklər edilməsi bəs etmir, ümumiyyətlə, ölkənin baş qanunu tamamilə yenidən yazılmalıdır. Ermənistan Konstitusiyasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrikində baş nazir Nikol Paşinyan bu xüsusda qeyd edib: “Konstitusiya, mənim anlayışıma görə, ölkə daxilində vətəndaşlar arasında onların münasibətləri ilə bağlı razılaşmadır: vətəndaş-vətəndaş, vətəndaş-cəmiyyət, cəmiyyət-hökumət və ümumiyyətlə, ölkədə qayda-qanunla bağlı razılaşma. Ermənistana xalqın səsverməsi ilə təsdiqlənən yeni konstitusiya lazımdır ki, xalq konstitusiyanı özününkü bilsin, onu doğma, öz ölkəsində, dövlətində həyat qaydası hesab etsin”.

Hökumət başçısı yeni konstitusiyaya ehtiyacı onunla əsaslandırıb ki, elan etdiyi “Real Ermənistan” ideologiyası hazırkı baş qanuna görə tam xarakterə malik ola bilməz. Bundan başqa, Paşinyan müraciətində bir daha əvvəllər qəbul edilmiş konstitusiyaya düzəlişlərin legitimliyinə şübhə ilə yanaşdığını bildirib, onların xalqın azad iradəsi ilə qəbul edilmədiyinə diqqət çəkib.

Hökumət yeni konstitusiya layihəsini 2026-cı ilin yazına qədər hazırlayacağını bildirir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl bəyan edib ki, sənəd ictimai dinləmələrdən keçəcək və ondan sonra dəyişdirilmə prosesi başlanacaq. Eyni zamanda, Srbuhi Qalyan Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsindən bəhs edən Müstəqillik Bəyannaməsinin konstitusiyanın preambulasından çıxarılacağını istisna etməyib. Daha əvvəl eyni mövqe Nikol Paşinyanın özü tərəfindən də sərgilənib. Cari ilin aprelində verdiyi açıqlamada Paşinyan bildirib: “Müstəqillik Bəyannaməsinin mətnini yenidən oxuduqdan, araşdırdıqdan sonra əmin oldum ki, bu mətn Ermənistanın müstəqil dövlətinin və dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bunu deyirəmsə, o zaman deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mənim fikrimcə, yeni konstitusiyanın mətnində ona istinad olmamalıdır”.

Müstəqillik Bəyannaməsinin konstitusiyadan çıxarılması Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakının dəyişməz tələbidir. Azərbaycan buradakı ərazi iddiaları səbəbindən Müstəqillik Bəyannaməsinin konstitusiyadan çıxarılmasını tələb edir. Paşinyan Ermənistan Konstitusiyasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrikində bəyan edib ki, Azərbaycan konstitusiyaya dəyişiklikdən danışır, o isə tamamilə yeni konstitusiyadan danışır: “Söhbət tamamilə yeni konstitusiyanın qəbulundan gedir ki, bu da xalqın azad iradəsinin ifadəsi ilə baş verməlidir”.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da konstitusiyaya dəyişikliklərin labüdlüyündən bəhs edir: “Konstitusiya ölü normalar toplusu deyil. O, canlı, dövrün impulslarına cavab verən, ictimai və dövlət həyatının təşkilindəki dəyişikliklərə reaksiya verə bilən canlı sənəd olmalıdır. Məhz bu konstitusiyanın əsas qabiliyyətini itirmədən dəyərləri qoruyub saxlamağa imkan verir”. Ermənistana parlamentinin spikeri Alen Simonyan isə yeni konstitusiyanın hazırlanması kontekstində dövlətin kilsənin həyatında rolunu artıra biləcəyini istisna etməyib. Öz növbəsində, hakimiyyətin əleyhdarları hesab edirlər ki, Paşinyan nəinki Konstitusiyanın preambulasını dəyişdirməyə, həm də Türkiyəni narahat edən “soyqırım” qeydini əsas qanundan çıxarmağa hazırlaşır.

Xatırlatmaq lazım gəlir ki, Ermənistan Konstitusiyası iki dəfə referendum yolu ilə dəyişdirilib. 2005-ci ildə edilən dəyişikliklərlə xaricdə yaşayan ermənilərə ilk pasportlarından imtina etmədən Ermənistan vətəndaşlığı almağa icazə verilib. Bundan əlavə, İrəvan meri vəzifəsi seçkili olub və prezident toxunulmazlığı artırılıb. 2015-ci ildə Ermənistanın ovaxtkı rəhbəri Serj Sarkisyan respublikanı prezident üsul-idarəsindən parlamentə çevirmək üçün konstitusiyanı yenidən yazmaq qərarına gəlib. O, hökumət başçısı olmaq fikrində olmadığını iddia etsə də, sonda həmvətənlərini aldatdı. Elə bu da 2018-ci ildə onun devrilməsinə və Paşinyanın hakimiyyətə gəlməsinə səbəb oldu.

2020-ci ildə Ermənistanın Konstitusiyasına ilk dəfə referendumun nəticəsi olmadan dəyişiklik edilib. Əvvəlcə Paşinyan hökuməti respublikanın Konstitusiya Məhkəməsinin üzvlərini vəzifəsindən kənarlaşdırmaq üçün ümumxalq səsverməsi keçirməyi planlaşdırırdı, lakin koronavirus bunu qeyri-mümkün etdi. Nəticədə parlament tərəfindən konstitusiyaya müvafiq düzəlişlər olundu. Baş qanuna növbəti dəyişiklik isə gələn il reallaşacaq. Azərbaycan üçün burada əsas maraqlı məqam konstitusiyanın preambulasının dəyişməsi, eləcə də ATƏT-in Minsk qrupunu buraxılması üçün birgə müraciətin edilməsidir.

Bununla yanaşı, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı da maraqlı proseslər baş verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq İrəvanın Zəngəzur dəhlizi adlanan layihəyə daha çevik yanaşma nümayiş etdirməyə başladığını bildirib. Onun sözlərinə görə, bu marşrutun açılması Cənubi Qafqazda iqtisadi və siyasi inqilaba səbəb olacaq. Çünki bu, Çin və Avropanı birləşdirməyə hesablanmış Orta Dəhlizinin sürətli inkişafına gətrib çıxaracaq. “Biz bu xəttə geosiyasi inqilabın bir hissəsi kimi baxırıq”, - deyən Ərdoğan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının yeni və tarixi fürsət pəncərələrinin açılmasının səbəb olacağını bildirib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Türkiyə liderinin fikirləri ilə bağlı bildirib ki, dəhlzin açılması ilə bağlı maraqlı tərəfdaşlarla müzakirələr davam edir: “Ermənistan regional əlaqələrin genişləndirilməsində və iqtisadi inkişafda maraqlı olub və qalır”. Amma bu dəhlizin işə düşməsi üçün əvvəlcə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamalıdırlar. Azərbaycan buna hazırdır və qarşı tərəf də həmin mqavilədən hansı böyük dividendlər əldə edəcəyini getdikcə daha yaxşı başa düşür.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?