Trampın Maskın partiya yaratmaq iddiasına reaksiyası: "Ağlını itirib, ölkəyə xaos gətirəcək"

ABŞ Prezidenti Donald Tramp, texnologiya milyarderi İlon Maskın yeni siyasi partiya qurmaq niyyətini sərt şəkildə tənqid edib.
Təhlil.az xəbər verir ki, Ağ evin rəhbəri bu barədə özünün "Truth Social" platformasında paylaşım edərək Maskın son davranışlarını "ağlını itirmək" və "fəlakətə çevrilmək" kimi ifadələrlə xarakterizə edib.
Tramp yazıb: "Son beş həftə ərzində İlon Maskın tamamilə ağlını itirərək bir fəlakətə çevrildiyini izləmək məni kədərləndirir".
Bu sərt reaksiya, Maskın ABŞ-də üçüncü bir siyasi partiya yaratmaq planlarına cavab olaraq verilib.
Prezident hesab edir ki, bu təşəbbüs uğursuzluğa məhkumdur və ölkənin siyasi sistemi buna icazə vermir.
"O, üçüncü bir siyasi partiya qurmaq istəyir, baxmayaraq ki, belə təşəbbüslər bu ölkədə heç vaxt nəticə verməyib. Görünür, ABŞ siyasi sistemi belə ssenarilərə açıq deyil," – deyə Tramp əlavə edib.
Ağ ev rəhbəri bu cəhdlərin nəticə verməyəcəyini düşünür və xəbərdarlıq edir:
"Belə eksperimentlər yalnız qarışıqlıq və xaos yaradır".