Bu gün

Zəngəzurun dönüş nöqtəsi - MƏQALƏ

Zəngəzur dəhlizi artıq təkcə regional deyil, beynəlxalq gündəmin mühüm elementinə çevrilib. Söhbət hansısa yol tikintisindən yox, Avrasiya geosiyasətinin mərkəzində yer alan yeni iqtisadi arteriyadan gedir. Azərbaycan bu layihəni sükutla yox, ardıcıl addımlarla gerçəkləşdirməkdə israrlıdır. İndi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu tamamlama mərhələsindədir, paralel şəkildə dəmir yol xətti də çəkilir.

Azərbaycanın bütün texniki və diplomatik resursları ilə irəlilədiyi bir layihədə Ermənistan tərəfi hələ də “dəhliz” sözündən ehtiyat edir. İrəvan “dəhliz” demək əvəzinə “regional kommunikasiya” ifadəsinə üstünlük verir, sanki söz oyunu ilə reallığı dəyişmək olar. Amma nə qədər adını dəyişsələr də, dəhliz artıq siyasi və texniki olaraq var.

İş ondadır ki, bu yol artıq yalnız Azərbaycanla Naxçıvanı birləşdirəcək bir infrastruktur deyil. Bu yol Türkiyə ilə türk dünyasını, Avropa ilə Asiyanı, hətta Rusiya və Çini birləşdirən geoiqtisadi damardır. Elə ona görə də Ankara bu layihəyə 3-4 il içində tamamlanmalı olan prioritet kimi yanaşır. Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri açıq deyir: bu dəhliz türk dünyasını birləşdirəcək.

Vaşinqton, Moskva, Pekin və Brüssel bu layihəni öz maraqları prizmasından qiymətləndirir. ABŞ gecikmək istəmir, Çin Trans-Xəzər dəhlizini daha da rəqabətli etmək istəyir, Avropa isə enerji və logistika baxımından yeni nəfəs almağa çalışır. Hətta Rusiya da öz ixrac şəbəkəsini şaxələndirmək üçün bu marşrutda maraqlıdır.

Ermənistanın öz içində də etirazlar artır

İrəvan isə hələ də bu prosesə müqavimət göstərir. Halbuki, bu dirənişin mənasızlığını artıq erməni cəmiyyətinin özü də qəbul etməyə başlayıb. Erməni mətbuatı açıq yazır: dünyada Zəngəzur dəhlizi ilə bağlı qərarlar verilir, amma heç kim Ermənistanın adını belə çəkmir. Professor Artur Xaçikyanın fikirləri bu gedişin məntiqi nəticəsini xatırladır: “İrəvanın nə Moskva, nə də Vaşinqtonda çəkisi var. Bu səbəbdən də dəhliz məsələsi Bakı və Ankaranın istədiyi formada həll olunacaq”.

Zəngəzur dəhlizi ilə bağlı olan məsələ təkcə Naxçıvana yol çəkmək deyil. Bu, Orta dəhlizin, yəni Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətini artırmaq anlamına gəlir. Məsafə təqribən 350 km qısalacaq, bu isə həm vaxta, həm pula qənaət deməkdir. Özbəkistan və digər Mərkəzi Asiya ölkələri artıq bu layihəyə strateji yanaşır və onun iqtisadi səmərəsini açıq şəkildə dəstəkləyirlər.

Gürcüstan üzərindən keçən yollar da işləməyə davam edəcək. Sadəcə, Zəngəzur dəhlizi yeni balans yaradacaq və regionlararası əlaqəliliyi daha da artıracaq. Bu isə ümumilikdə Cənubi Qafqazı tranzit məkanına çevirməklə yanaşı, regionda sülhün iqtisadi əsaslarını da möhkəmləndirəcək.

Zəngəzur dəhlizinin açılması artıq sadəcə ideya deyil. Bu, tikinti mərhələsində olan bir reallıqdır. İrəvanın siyasi manevrləri bu prosesin qarşısını ala bilmir. Əksinə, onların ləngitmə cəhdləri yalnız regiondakı sülh gündəminə zərbə vurur. Ən maraqlısı isə budur: bu dəhlizdən iqtisadi baxımdan ən çox faydalanacaq ölkələrdən biri də elə Ermənistandır.

MTM ANALİTİK QRUPU