Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq

Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq.
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.
Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində gömrük orqanının qərarı əsasında həyata keçiriləcək. Gömrük orqanının səyyar gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində səyyar gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
Səyyar gömrük auditi 20 iş günü müddətində aparılacaq. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər. Planlı (növbəti) səyyar gömrük auditi bir şəxs barədə təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilməlidir. Planlı (növbəti) səyyar gömrük auditinin başlanmasına azı 15 (on beş) iş günü qalmış yazılı bildiriş barəsində gömrük auditi aparılan şəxsə göndərilir.
Bildirişdə səyyar gömrük auditinin əsası, tarixi, yoxlama suallarının siyahısı, şəxsin və gömrük orqanlarının hüquq və vəzifələri göstərilməlidir.