Regionda açıq fərq: Sənayedə üstünlük Azərbaycandadır - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkədə sənaye istehsalının həcmi əvvəlki illə müqayisədə 2,7 faiz və ya 1,75 milyard manat azalaraq 63,12 milyard manat təşkil edib.
Son beş ilin ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il sənaye istehsalının həcmi 86,38 milyard manat olub. Lakin növbəti üç il ərzində bu sahədə azalma tendensiyası müşahidə edilib.
Sənaye istehsalındakı dəyişkənliyin əsas səbəbi isə bu sahənin böyük hissəsinin neft və qaz hasilatından asılı olması ilə izah olunur.

Sənaye istehsalında əsas pay mədənçıxarma sektoruna məxsusdur. 2025-ci ildə bu sahə üzrə istehsalın həcmi 37,62 milyard manat olub və bu, ümumi sənaye istehsalının 59,6 faizini təşkil edib.
Emal sənayesi isə 2025-ci ildə ümumi istehsalın 33,8 faizini formalaşdırıb. İl ərzində bu sektor üzrə 21,37 milyard manatlıq məhsul istehsal edilib.
Digər sahələr üzrə sənaye istehsalının həcmi 4,14 milyard manat olub ki, bu da ümumi istehsalın 6,6 faizinə bərabərdir. Qeyd edək ki, son beş ilin hər birində “digər” kateqoriyası üzrə sənaye istehsalının payı 7 faizdən aşağı olub.
.png)
Mədənçıxarma və emal sektorları üzrə son beş ilin göstəricilərinə nəzər saldıqda, mədənçıxarma sahəsinin ümumi sənaye istehsalının həcminə təsiri daha aydın görünür.
2025-ci ildə mədənçıxarma sektoru üzrə istehsalın həcmi əvvəlki illə müqayisədə 9,3 faiz və ya 3,83 milyard manat azalaraq 37,62 milyard manat təşkil edib. Bu sahədə ən yüksək göstərici isə 2022-ci ildə qeydə alınıb və həmin il istehsalın həcmi 64,75 milyard manata çatıb.
Mədənçıxarma sektorundan fərqli olaraq, emal sənayesində son illər ardıcıl artım müşahidə olunur. 2025-ci ildə bu sahə üzrə istehsalın həcmi əvvəlki illə müqayisədə 9,4 faiz və ya 1,84 milyard manat artaraq 21,37 milyard manata yüksəlib.
.png)
Mədənçıxarma sektoru üzrə sənaye istehsalında əsas pay xam neft və təbii qaz hasilatına məxsusdur. 2025-ci ildə bu sahə üzrə 34 milyard manat dəyərində xam neft və təbii qaz hasil edilib ki, bu da mədənçıxarma sektorunun ümumi həcminin 90,4 faizini təşkil edir.
Qeyd edək ki, 2021–2024-cü illərin hər birində xam neft və təbii qaz hasilatının payı sektor üzrə 92 faizdən çox olub. Yalnız 2025-ci ildə bu göstərici 90,4 faiz səviyyəsində qeydə alınıb.
Sektorun qalan 9,6 faizi isə 3,62 milyard manat həcmində olub. Bu hissəyə əsasən metal filizlərinin hasilatı və digər mədənçıxarma fəaliyyətləri daxildir.

2025-ci ildə bölgələr üzrə sənaye istehsalında əsas pay paytaxt Bakı şəhərinə məxsus olub. Ümumi sənaye istehsalının 80,3 faizi və ya 50,72 milyard manatı Bakının payına düşüb. Bu vəziyyət neft və qaz hasilatının əsasən paytaxt ərazisində cəmləşməsi ilə izah olunur.
Sənaye şəhəri kimi tanınan Sumqayıtda isə 2025-ci il ərzində 4,11 milyard manat həcmində sənaye istehsalı qeydə alınıb. Digər bölgələr üzrə ümumi istehsal 8,29 milyard manat təşkil edib ki, bu da ölkə üzrə sənaye istehsalının 13,1 faizinə bərabərdir.
Rayonlar üzrə göstəricilərə gəldikdə, 1 milyard 29,1 milyon manatlıq istehsal həcmi ilə Abşeron rayonu ilk sırada qərarlaşıb. Ölkənin ikinci böyük şəhəri olan Gəncə isə 616,4 milyon manatlıq istehsal göstəricisi ilə rayonlar arasında ikinci, ölkə üzrə isə dördüncü yerdə olub.
.png)
Cənubi Qafqaz ölkələrinin statistika qurumlarının açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda sənaye istehsalının həcmi 37,13 milyard dollar təşkil edib. Bu göstərici regionun digər ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
Eyni dövrdə Ermənistanda sənaye istehsalının həcmi 8,6 milyard dollar səviyyəsində qeydə alınıb.
Gürcüstanda isə 2025-ci ilin yanvar–sentyabr ayları ərzində sənaye istehsalının həcmi 6,3 milyard dollar təşkil edib.
.png)