Azərbaycan gəncliyi tarix yaradan gücdür - MƏQALƏ

Azərbaycanda gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri ölkəmizin gələcək qurucuları kimi dəyərləndirir, onların potensialını, bacarıq və imkanlarını yüksək qiymətləndirirdi. Gənclərin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə ardıcıl dövlət proqramlarının qəbulu Heydər Əliyevin gənclərə göstərdiyi böyük qayğının bariz nümunələri idi.
Uzaqgörən siyasətçi kimi Heydər Əliyev yaxşı bilirdi ki, yaxın gələcəkdə Azərbaycan gəncliyinin qarşısında geniş imkanlar açılacaq. Dövlət tərəfindən həyata keçiriləcək məqsədyönlü tədbirlər, eyni zamanda ölkəmizin zəngin resursları gənclərin inkişafı üçün münbit şərait yaradacaq. Lakin bu nailiyyətlərin davamlı və uğurlu olması üçün əsas şərtlərdən biri gənclərdə mənəvi bütövlüyün qorunub saxlanılmasıdır. Məhz buna görə Ulu Öndər gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığın təbliğini xüsusi önəm kimi dəyərləndirir, onların öz soyköklərinə daim sadiq qalmasının vacibliyini vurğulayırdı. O qeyd edirdi ki: “Hər bir gənc öz kökünə sadiq olmalıdır. Gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqlik əsas amildir.”
Heydər Əliyevin gənclər siyasətinin təməlində dayanan əsas prinsiplərdən biri də gənclərin Vətənə və xalqa bağlılığı idi. Ulu Öndər gənclərlə keçirdiyi hər görüşdə bu məsələyə xüsusi diqqət ayırır, onları vətənpərvərlik ruhunda tərbiyə etməyin vacibliyini önə çəkirdi. Azərbaycançılıq ideologiyasına əsaslanan bu yanaşma gəncləri torpaqlarımızın bütövlüyü və dövlət suverenliyinin qorunması uğrunda hər zaman mübarizəyə hazır olmağa səsləyirdi.
Azərbaycanda gənclərə dövlət qayğısı Prezident İlham Əliyevin fəaliyyətində də əsas istiqamətlərdən biridir. Dövlət başçısı bilik səviyyəsi, şəxsi keyfiyyətləri, intellekti, vətənpərvərliyi və milli dəyərlərə bağlılığı ilə seçilən gəncləri daim önə çəkir, milli düşüncəyə və dövlətçilik təfəkkürünə malik gənc nəslin formalaşmasını prioritet elan edir.
2006-cı ildə Prezidentin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yenidən təşkil olunması, bu qurumun qarşısında yeni vəzifələrin müəyyənləşdirilməsi gənclər siyasətində mühüm mərhələ oldu. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2005–2009 və 2011–2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramlarının uğurla icrası bu siyasətin real nəticələrini ortaya qoydu. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı isə gənclərin rifahına və hərtərəfli inkişafına yönəlmiş dövlət qayğısının növbəti təzahürü idi.
2020-ci ilin payızı Azərbaycan tarixində təkcə hərbi qələbə ilə deyil, milli ruhun, vətəndaş məsuliyyətinin və gənclik fədakarlığının təntənəsi kimi yadda qaldı. 44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, müasir Azərbaycan gəncliyi yalnız texnologiyanı bilən, dünyaya açıq bir nəsil deyil, eyni zamanda Vətən çağırışı qarşısında tərəddüd etməyən, milli dəyərlərə sadiq gücdür.
Müharibənin ilk günlərindən minlərlə gənc könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciət etdi. Onların arasında tələbələr, müəllimlər, mühəndislər, həkimlər, jurnalistlər, idmançılar vardı. Bu gəncləri birləşdirən əsas amil torpaqların işğaldan azad edilməsi, 30 illik ədalətsizliyə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Vətən anlayışı onlar üçün abstrakt məfhum deyil, real məsuliyyətə çevrilmişdi.
Azərbaycan gəncliyi Vətən müharibəsində yalnız say çoxluğu ilə deyil, peşəkarlıq, intizam və yüksək mənəvi ruhla fərqləndi. Müasir hərbi texnologiyaların tətbiqi, əməliyyatların dəqiqliyi və çevikliyi gənc zabit və əsgərlərin hazırlıq səviyyəsini açıq şəkildə nümayiş etdirdi. Ön cəbhədə döyüşən gənclərin qəhrəmanlığı arxa cəbhədə informasiya müharibəsində fəallıq göstərən həmyaşıdları tərəfindən tamamlandı. Sosial şəbəkələrdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və dezinformasiyaya qarşı mübarizə də gənclərin üzərinə düşən mühüm missiyaya çevrildi.
Bu müharibə Azərbaycan gəncliyi ilə bağlı illərdir aparılan məqsədyönlü dövlət gənclər siyasətinin real nəticəsi olduğunu sübut etdi. Milli kimlik, tarixə hörmət və dövlətə bağlılıq anlayışları sınaq anında davranışa çevrildi. Gənclər Vətən uğrunda canından keçməyin sadəcə şüar deyil, ali dəyər olduğunu əməlləri ilə göstərdilər.
Vətən müharibəsində şəhid olan minlərlə gənc Azərbaycanın azadlığına öz həyatları ilə möhür vurdu. Onların hər biri yalnız bir ailənin övladı deyil, bütöv bir xalqın qüruruna çevrildi. Bu qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün mənəvi örnək, müstəqil Azərbaycanın isə sarsılmaz dayağıdır. Azərbaycan gəncliyi sübut etdi ki, müasirliklə milli ruh bir-birinə zidd deyil. Əksinə, bu vəhdət xalqı tarix yaradan gücə çevirir. Qazanılan Qələbənin arxasında məhz bu gəncliyin cəsarəti, inamı və Vətənə sədaqəti dayanır.
MTM Analitik Qrupu