02 fevral

2 fevral – Gəncliyin günü, gələcəyin ünvanı

Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu gün sadəcə təqvimdə qeyd olunan bir bayram yox, dövlətin gənc nəslə verdiyi dəyərin, gələcəyə baxışının və strateji seçimlərinin ifadəsidir.

Məhz 1997-ci ilin 2 fevralında Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla bu tarix Azərbaycan Gəncləri Günü elan olundu. Həmin qərar o dövr üçün yenilikçi və uzaqgörən addım idi. Azərbaycan bununla MDB və Şərqi Avropa məkanında gənclərə xüsusi bayram təsis edən ilk ölkələrdən biri oldu. Təsadüfi deyil ki, bundan xeyli sonra – 1999-cu ildə BMT Baş Məclisi 12 avqustu Beynəlxalq Gənclər Günü elan etdi. Azərbaycan bu istiqamətdə dünyaya nümunə göstərdi.

Heydər Əliyevin gənclərlə bağlı siyasəti formal çağırışlarla məhdudlaşmırdı. O, gəncliyi dövlətin əsas dayağı, ölkənin sabahı kimi görür və bu sahədə möhkəm hüquqi və institusional baza formalaşdırırdı. Gənclərin sosial problemlərinin həlli, təhsil imkanlarının genişləndirilməsi, istedadların üzə çıxarılması və şəxsi inkişaf üçün şərait yaradılması məqsədilə qəbul edilən fərmanlar, sərəncamlar və dövlət proqramları bu yanaşmanın real nəticəsi oldu.

Bu siyasi xətt bu gün də ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi gənclər siyasətinə sadiqliyini konkret qərarlarla təsdiqləyib. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, məşğulluğu, sosial müdafiəsi və xarici ölkələrdə təhsili istiqamətində həyata keçirilən proqramlar dövlət başçısının bu sahəyə verdiyi xüsusi diqqətin göstəricisidir. Xüsusilə 2007–2015-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramı minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ali məktəblərində təhsil almasına geniş imkanlar yaradıb.

Azərbaycan gəncliyi üçün ən ciddi sınaqlardan biri 2020-ci il Vətən müharibəsi oldu. Hələ Tovuz hadisələrindən sonra on minlərlə gəncin könüllü şəkildə səfərbərlik orqanlarına müraciət etməsi gənclərin dövlətinə və torpağına bağlılığını açıq şəkildə göstərdi. 44 günlük müharibə dövründə gənclərin həm cəbhədə, həm də arxa cəbhədə göstərdiyi fədakarlıq, Ali Baş Komandana və dövlətə verdiyi dəstək bu nəslin vətənpərvər ruhunun real təzahürü idi. Qazanılan tarixi qələbədə gənclərin rolu xüsusi ilə fərqləndi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr də gənclərin inkişafına mühüm töhfə verir. Bu təşəbbüslər istedadlı gənclərin üzə çıxarılmasına, onların yaradıcılıq və intellektual potensialının dəstəklənməsinə xidmət edir və ölkənin gələcəyi üçün etibarlı zəmin yaradır.

Bu gün Azərbaycan gəncliyi savadlı, fəal, təşəbbüskar və dünyaya açıqdır. Ən əsası isə gənclər dövlətinə və milli dəyərlərinə bağlıdır. Onlara göstərilən etimad və yaradılan imkanlar Azərbaycanın sabahının güclü, dayanıqlı və rəqabətqabiliyyətli olacağının əsas təminatıdır.

Əziz gənclər, bayramınız mübarək! 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?