30 yanvar

Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsi ölkəmizə yeni böyük uğurlar qazandırır - TƏHLİL

Müasir dövrdə rəqəmsal texnologiyalar və məlumat axınları qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bütün bunlar heç də təsadüfi xarakter daşımır. Çünki məhz rəqəmsal texnologiyalar iqtisadi subyektlər arasında rabitəni, qarşılıqlı əlaqələri dəyişdirir. Yaşadığımız minillikdə virtual resurslar və dünyanın rəqəmsallaşması ilə əlaqəli qlobal transformasiyalar indi daha böyük sürətlə baş verir. Nəticə etibarilə bu da rəqəmsal rabitə məkanı kontekstində qlobal iqtisadiyyatı fəal şəkildə dəyişdirir. Qeyd edilənlər fonunda diqqətçəkən həm də odur ki, informasiya artıq təkcə bilik və kommunikasiya vasitəsi deyil, eyni zamanda, strateji resurs kimi qəbul olunur. Bu baxımdan ölkələrin regional və qlobal miqyasda məlumat tranzit mərkəzi statusu qazanması onların iqtisadi, siyasi və texnoloji gücünü əhəmiyyətli dərəcədə artırır. Azərbaycan üçün də regional məlumat tranzit mərkəzinə çevrilmək real və strateji baxımdan məqsədəuyğun bir perspektivdir və artıq qeyd olunan istiqamətdə müəyyən addımlar atılır.

O da faktdır ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəyə unikal tranzit imkanları yaradır. Tarixən İpək Yolunun üzərində yerləşən Azərbaycan bu gün də enerji, nəqliyyat və logistika sahəsində regional körpü rolunu oynayır. Eyni üstünlük rəqəmsal məlumat axınları üçün də keçərlidir. Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq arasında yerləşən Azərbaycan fiber-optik xətlər üçün ideal marşrut üzərindədir. Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələri, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanları Azərbaycanın məlumat tranziti üçün strateji əhəmiyyətini daha da artırır. Bu mövqe ölkəyə alternativ və təhlükəsiz məlumat ötürmə marşrutları təklif etməyə imkan verir.

Bununla yanaşı, son illərdə Azərbaycanda telekommunikasiya infrastrukturu, fiber-optik şəbəkələr və data mərkəzlərinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ölkədə internetin sürəti və əhatə dairəsi artıb, beynəlxalq kabel xətlərinə qoşulma imkanları genişlənib. Bununla yanaşı, məlumat mərkəzləri və bulud texnologiyalarına investisiyaların artırılması Azərbaycanın rəqəmsal infrastrukturunu daha da dayanıqlı edir. Enerji resurslarının mövcudluğu və alternativ enerjinin inkişafı məlumat mərkəzlərinin fəaliyyəti üçün əlavə üstünlük yaradır. Məsələ ilə bağlı Prezident İlham Əliyev cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qeyd edib: “Eyni zamanda, Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə, bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 giqavat həcm varımızdır”.

Təbii ki, Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsi ölkə iqtisadiyyatı üçün yeni gəlir mənbələri yaradacaq. Tranzit xidmətləri, məlumat mərkəzlərinin fəaliyyəti, texnoloji xidmət ixracı qeyri-neft sektorunun inkişafına mühüm töhfə vermək iqtidarındadır. Bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin nəzərə alınması və həlli vacib olan bəzi məqamlar da var. Bunlara Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham") hazırladığı “Ağ sənəd 2025” adlı hesabatda da xüsusi toxunulub. Sənəddə bildirilir ki, sərhədlərarası məlumat axınının maneəsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün tranzit trafikinə vergi güzəştləri, eləcə də regional məlumat mübadiləsi sazişlərini əhatə edən hüquqi və fiskal islahatlar qəbul edilməlidir. Ona da diqqət çəkilir ki, Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsi üçün əlverişli strateji coğrafi mövqeyi olsa da, köhnəlmiş hüquqi baza, tənzimləmə ilə bağlı qeyri-müəyyənlik və ikiqat vergitutma riskləri bu potensialın reallaşmasını məhdudlaşdırır. Qeyd olunur ki, effektiv sərhədlərarası məlumat siyasətinin olmaması investorlar üçün riskləri artırır və ölkənin mövcud üstünlüklərindən tam istifadə etməsinə maneə olur.

Bundan əlavə, sənəddə rəqəmsal infrastruktur layihələrinin icrasının uzun müddət tələb etdiyi bildirilir. Bunun əsas səbəbi icazə prosedurlarının vahid şəkildə təşkil olunmaması və tənzimləyici tələblərin bir-birini təkrarlamasıdır. Bu isə layihələrin gecikməsinə, xərclərin artmasına və investisiya marağının azalmasına səbəb olur. “AmCham” vurğulayır ki, telekommunikasiya və informasiya texnologiyaları infrastrukturu üzrə icazə və qeydiyyat prosedurları sadələşdirilməli və rəqəmsallaşdırılmalıdır: “Bu məqsədlə dövlət qurumları arasında harmonizasiya olunmuş, müddətləri əvvəlcədən müəyyən edilmiş və məsuliyyət mexanizmləri ilə təmin olunan “bir pəncərə” sisteminin yaradılması tövsiyə edilir”. Həmçinin, Azərbaycanda məlumat tranziti strategiyasının formalaşdırılması və beynəlxalq koordinasiyanın təmin edilməsi məqsədilə xüsusi agentlik və ya struktur bölmənin yaradılması təklif olunur.

Tövsiyə edilən addımların atılması ilə Azərbaycanın regional məlumat tranzit mərkəzi olması da tezləşə bilər. Məlumat axınlarının ölkə üzərindən keçməsi strateji nəzarət imkanlarını artırır və regional kibertəhlükəsizlik sistemlərinin formalaşdırılmasına şərait yaradır. Xarici investorlar üçün Azərbaycanın rəqəmsal logistika mərkəzi kimi daha cəlbedici olması da bu halda qaçılmazdır. Lakin qeyd edildiyi kimi bu məqsədə nail olmaq üçün hüquqi baza, məlumatların qorunması, kibertəhlükəsizlik və insan kapitalının inkişafı sahəsində islahatlar davam etdirilməlidir. Beynəlxalq standartlara uyğun tənzimləmə mühiti itiqamətində atılan addımlar sürətləndirilməlidir.

Aparılan işlər göstərir ki, Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsi tamamilə realdır və strateji baxımdan mühüm önəmə malikdir. Bu, həm də ölkənin iqtisadi dayanıqlılığını, texnoloji inkişafını və beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?