Ermənistan təhlükəsizlik konsepsiyasının iflasa uğradığını etiraf edir - ŞƏRH

Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar fonunda Ermənistan rəhbərliyi ölkənin uzun müddət üstünlük verdiyi, ərazi iddialarına əsaslanan təhlükəsizlik və xarici siyasət konsepsiyasının iflasa uğradığını açıq şəkildə etiraf etməyə başlayıb. 2020–2023-cü illər ərzində üzləşdiyi hərbi-siyasi uğursuzluqlar da göstərir ki, bu ölkənin işğalçılığa və etnik separatçılığa xidmət edən dövlət ideologiyası faktiki olaraq özünü doğrultmayıb.
Mövcud reallıqlar fonunda rəsmi İrəvan əvvəlki strategiyaların işləmədiyini qəbul edir və təhlükəsizlik anlayışının yeni siyasi-iqtisadi reallıqlarla uzlaşdırılmasının vacibliyini bəyan edir. Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ölkənin əvvəlki təhlükəsizlik konsepsiyasının yanlış və səmərəsiz olmasının açıq etiraf edilməsi də bu yanaşmanın bariz göstəricisidir. Onun sözlərinə görə, Ermənistanın uzun illər əsaslandığı “təhlükəsizlik konsepsiyası” 2020–2023-cü illər dövründə öz səmərəsizliyini sübut edib. Uzun müddət təhlükəsizliyini hərbi-siyasi ittifaqlara və xarici zəmanətlərə bağlayan Ermənistan, Azərbaycanın hərbi-siyasi uğurları fonunda bu yanaşmanın real nəticə vermədiyini anlayıb.
Ermənistan rəhbərliyinin regional əməkdaşlığın əhəmiyyətini yalnız son aylarda açıq şəkildə etiraf etməyə başlaması gecikmiş və məcburi xarakter daşısa da, ümumi mənada konstruktiv addım kimi qiymətləndirilə bilər. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən əməkdaşlıq təklifləri, kommunikasiyaların açılması və iqtisadi inteqrasiya təşəbbüsləri uzun müddət rəsmi İrəvan tərəfindən müxtəlif bəhanələrlə qəbul edilmirdi. Xüsusilə Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və üçtərəfli razılaşmalar çərçivəsində nəzərdə tutulan iqtisadi layihələr Ermənistan daxilində siyasi manipulyasiya alətinə çevrilmişdi. Halbuki Azərbaycan və Türkiyə bu təşəbbüsləri regionda sabitliyin və qarşılıqlı faydanın əsas elementi kimi təqdim edirdi.
Zaman keçdikcə İrəvan anlamağa başladı ki, regional əməkdaşlıqdan imtina Ermənistanın təhlükəsizliyi üçün daha ciddi risklər yaradır və ölkəni təcrid vəziyyətində saxlayır. Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan kənarda qalmaq Ermənistanı uzunmüddətli strateji dalana sürükləyib. Bu kontekstdə N. Paşinyanın irəli sürdüyü “qarşılıqlı iqtisadi asılılıq” anlayışı Ermənistan üçün “yeni təhlükəsizlik çətiri” kimi təqdim olunur.
Dünya təcrübəsi göstərir ki, bir ölkənin ərazisindən keçən beynəlxalq ticarət və enerji axınları artdıqca, aparıcı dövlətlər və qlobal bazarlar həmin regionda sabitliyin və sülhün qorunmasında daha çox maraqlı olurlar. Bu isə iqtisadi əlaqələri təhlükəsizliyin real və davamlı təminatçısına çevirir. Ermənistan rəhbərliyi də anlayır ki, iqtisadi inteqrasiya regionda daha dayanıqlı və uzunmüddətli sabitlik yarada bilər.
Bu yanaşmanın real təzahürlərindən biri də Zəngəzur dəhlizinin — Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) çərçivəsində açılmasına dair 2025-ci il avqustun 8-də Vaşinqtonda, Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmalardır. Layihənin geosiyasi əhəmiyyəti, yaratdığı iqtisadi və siyasi üstünlüklər deməyə əsas verir ki, bu marşrut yalnız regional deyil, qlobal tranzit sisteminin mühüm həlqəsinə çevrilmək potensialına malikdir. TRIPP layihəsi bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək, digər tərəfdən isə Ermənistan, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ilə Qərb bazarlarını birləşdirən strateji marşrut funksiyasını yerinə yetirəcək.
Layihənin icrasına dünyanın aparıcı dövlətlərindən biri olan ABŞ-nin investisiya cəlb etməsi mümkün hərbi-siyasi təxribatların qarşısını əvvəlcədən almağa imkan verir. ABŞ-nin prosesdə iştirakı Ermənistanda gələcəkdə hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, TRIPP layihəsindən imtinanı faktiki olaraq mümkünsüz edir.
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazı yaxın perspektivdə çoxşaxəli əməkdaşlıq platformasına çevirə bilər. Bu platforma üzərində formalaşacaq yeni iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar və təminatlar regionda uzunmüddətli sabitliyə real töhfə verəcək.
Bu gün Ermənistanın real təhlükəsizliyi regionda iqtisadi əməkdaşlıqdan, ilk növbədə isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Ermənistan üçün alternativ yolların tükəndiyi artıq rəsmi səviyyədə də etiraf olunur. Məhz bu kontekstdə rəsmi İrəvan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını, sərhədlərin açılmasını və nəqliyyat-kommunikasiya xətlərinin bərpasını prioritet istiqamət kimi təqdim etməyə başlayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın AŞPA sessiyasında çıxışı zamanı Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bəyan etməsi də bu yanaşmanın göstəricisidir.
Ermənistanın təhlükəsizlik anlayışına yeni yanaşmasının digər mühüm əlaməti 2026-cı ildə hərbi xərclərin 15% azaldılması qərarıdır. Rəsmi İrəvan açıq şəkildə bildirir ki, Azərbaycanla hərbi rəqabət aparacaq səviyyədə ordu formalaşdırmaq nə iqtisadi, nə texnoloji, nə də siyasi baxımdan mümkündür. 2020-ci ildən sonra regionda yaranmış reallıqlar uzun illər cəmiyyətə təqdim edilən hərbi üstünlük və güc balansı miflərini tamamilə sıradan çıxarıb. Bu şəraitdə hərbiləşməyə böyük resurslar yönəltmək Ermənistan üçün yalnız daha ağır sosial-iqtisadi nəticələr vəd edir.
MTM Analitik Qrupu