NATO Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaşı hesab edir - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı təkcə hərbi amillərlə məhdudlaşmır. Qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət, iqtisadi resurslar, enerji təhlükəsizliyi, regional sabitlik, siyasi dialoq və nəqliyyat-kommunikasiya xətlərinə çıxış amilləri qlobal təhlükəsizlik anlayışına kompleks yanaşma tələb edir. Məhz bu səbəbdən hazırda ikitərəfli və çoxtərəfli hərbi-siyasi tərəfdaşlıq formatlarının yaradılması dünya ölkələri qarşısında aktual çağırışa çevrilib.
Şimali Atlantika Alyansının – NATO-nun Cənubi Qafqaza son aylarda artan diqqəti təşkilatın regionun təhlükəsizlik sistemindəki yeri və roluna verdiyi önəmin nümunəsidir. Alyans regionun iqtisadi, siyasi və hərbi baxımdan aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığın dərinləşməsində xüsusilə maraqlı olduğunu gizlətmir. Bunu təşkilatın Baş katibinin müavini xanım Radmila Şekerinskanın Bakıya son səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər və aparılan müzakirələr də təsdiq edir.
Səfərin gedişi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələdə yüksək dinamizmlə inkişaf etdiyini bir daha təsdiqləyib. İkigünlük səfər zamanı keçirilən müxtəlif səviyyəli görüşlərdə regional təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi, təşkilatla münasibətlərin gələcək perspektivi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. NATO Baş katibinin müavini Azərbaycanın alyans üçün strateji tərəfdaş olduğunu bəyan etməklə yanaşı, ölkəmizdə təhlükəsizlik və müdafiə sahəsində islahatların sürətlənməsinə, o cümlədən Fərdi Tərəfdaşlıq Proqramının tamamlanmasına bundan sonra da dəstək veriləcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanla NATO arasında münasibətlərin tarixi müstəqilliyin ilk illərinə gedib çıxır. 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə bu əməkdaşlığın əsası qoyulub, sonrakı mərhələdə Planlaşdırma və Analiz Prosesi, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” kimi səmərəli mexanizmlər tətbiq olunub. Azərbaycan ötən 30 ildə müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparmaq, Silahlı Qüvvələrini NATO standartlarına yaxınlaşdırmaq və qlobal təhlükəsizlik çağırışlarına töhfə vermək niyyətini ortaya qoyub.
1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildə assosiativ üzv qəbul edilən Azərbaycan qurumun toplantılarında fəal iştirak edərək, təbliğati-siyasi baxımdan mühüm platforma əldə edib, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünyaya çatdırmaq imkanı qazanıb. Azərbaycanın hərbi-siyasi təşkilatla əlaqələrinin genişləndirilməsi – qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında da əksini tapıb.
Respublikamız NATO-nun Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində 1999-cu ildən 2008-ci ilədək Kosovada, 2003-cü ildən 2008-ci illərdə İraqda beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələrini verib. 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimiz 2021-ci ilin avqust ayında geri çağırılıb. Azərbaycan Silahlı Qüvvələri sülhməramlı əməliyyatlara dəstək verməklə, NATO qoşunları ilə ortaq əməliyyatların keçirilməsi təcrübəsi əldə edib, təşkilatın standartları ilə yaxından tanış olub, peşəkarlıq səviyyəsini artırıb.
NATO rəsmilərinin son aylardakı açıqlamaları göstərir ki, Cənubi Qafqazın təşkilat üçün əhəmiyyəti daha da artıb. Bu, ilk növbədə, Ermənistanla Azərbaycan arasında Yekun Sülh Sazişinin paraflanması, nəqliyyat və ticarət əlaqələrinin bərpası, dayanıqlı sabitliyin təmini ilə əlaqədardır. Başqa sözlə, ikitərəfli əməkdaşlığı şərtləndirən əsas amillərdən biri də regionda formalaşmış geosiyasi reallıqlardır. NATO Azərbaycanın regionda sabitliyə yönəlmiş siyasətini və sülh prosesinə verdiyi töhfələri müsbət qiymətləndirir.
İkitərəfli əməkdaşlığın digər mühüm amili enerji təhlükəsizliyi ilə şərtlənir. NATO bu gün üzv dövlətlərin yalnız hərbi deyil, enerji təhlükəsizliyini də Avropanın ümumi təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi hesab edir. Bu baxımdan Azərbaycanın bir sıra Avropa ölkələrinin neft və qazla təminatında oynadığı aparıcı rol Alyans tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı kimi çıxış etməklə yanaşı, xüsusilə böhran şəraitində enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Eyni zamanda, Avropa ölkələrində silah istehsalı ilə məşğul olan iri sənaye müəssisələrinin dayanıqlı fəaliyyətinin təmini üçün enerji resurslarına ciddi ehtiyac duyulur və bu tələbatın ödənilməsində ölkəmizin rolu strateji xarakter daşıyır.
Ümumilikdə, ABŞ-Azərbaycan münasibətlərinin normallaşması prosesi NATO-nun ölkəmizə marağını artıran mühüm amillərdən biridir. Vaşinqtonla Bakı arasında siyasi dialoqun və əməkdaşlığın genişlənməsi Azərbaycan–NATO əlaqələrində də dinamizmi artırır. Azərbaycanın təşkilatla münasibətləri bu gün qarşılıqlı maraqlara, regional və qlobal təhlükəsizlik çağırışlarına uyğun şəkildə inkişaf edir. Aşkar görünür ki, Azərbaycan Alyans üçün Cənubi Qafqazda əsas tərəfdaşa çevrilib.
MTM Analitik Qrupu