Xarabalıqlardan turizm cənnətinə çevrilən Qarabağ - MƏQALƏ

Bir vaxtlar dünyanın diqqətini müharibə xəbərləri ilə çəkən Qarabağ indi başqa səbəblə adından söz etdirir. Bu dəfə səngərlərdən deyil, səyyahların yolçuluğundan danışırıq. Tank izlərinin yerini turist ayaq izləri alır, viran qalaların yerində isə artıq foto çəkən blogerlər var.
Qarabağ və Şərqi Zəngəzur artıq təkcə siyasi, yox, iqtisadi və turizm xəritələrində də öz yerini tutur. Artıq fotokamerasını boynundan asmış avropalı turist, kənddə xalça sənəti ilə maraqlanan Yaponiyalı bloger, Vətəninə qayıdan azərbaycanlı ailə bu yolun sərnişininə çevrilib.
Əlbəttə, bütün bu səhnələrin arxasında iri miqyaslı planlar, siyasi iradə və iqtisadi manevrlər dayanır. Prezident İlham Əliyevin bölgəyə müntəzəm səfərləri sadəcə simvolik deyil, burada konkret layihələrə start verilir, yerindəcə qərarlar alınır. Elə son səfərlərdə açıqlanan “kanat yolu” ideyası da göstərir ki, məqsəd təkcə bərpa deyil, bölgəni beynəlxalq turizm bazarına inteqrasiya etməkdir.
Şuşadan Xankəndiyə asma yolu təsəvvür etdikdə gözümüzün qabağına gələn Qarabağın yaşıllığı, çinar meşələri, vadi boyu uzanan tarixi abidələri artıq fantaziya deyil, tikinti planına düşmüş real layihədir. Kəlbəcər, Laçın, Zəngilan hər biri ya dağ turizminə, ya da sağlamlıq və termal turizmə yönələn mərkəzlərə çevrilir.
Görülən işlər bununla bitmir. Yeni hava limanları, dəmir yolları, logistik mərkəzlər, vağzallar, Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçındakı aeroportun tamamlanmaq üzrə olması bunu bir daha təsdiqləyir.
Qarabağ indi təkcə keçmişin izlərini göstərən “dark turizm” üçün yox, eyni zamanda aktiv, təbiət və mədəniyyət əsaslı turizm üçün də əlverişli məkana çevrilir. Tarixi məscidlər, xristian abidələri, türbələr, qədim qalalar, hamamlar və digərləri artıq sükutla deyil, bələdçilərin izahları ilə səslənəcək.
Qarabağda yalnız infrastruktur deyil, həm də zamanın özü bərpa olunur. Qarabağın keçmişi müasir texnologiyalarla birləşir, tarixlə innovasiyanın sintezi qurulur. Yeni şəhərlərin baş planları ekoloji prinsiplərə əsaslanır, “ağıllı kənd” və “ağıllı şəhər” modelləri həyata keçirilir.
Müasir turist təkcə görməyə deyil, həm də yaşamağa gəlir. O, komfort, texnologiya və eyni zamanda autentiklik axtarır. Bunların hər biri Qarabağda eyni anda birləşməyə başlayıb.
Perspektivdə isə daha böyük mənzərə, yəni Zəngəzur dəhlizi var. Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvana çıxışı deyil, həm də regionun mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirilməsidir. Bu xətt açıldıqda, Qarabağ artıq sadəcə turizm zonası yox, beynəlxalq tranzit nöqtəsi olacaq. Bu da bölgəyə gələn turist axınının yalnız artmasına yox, həm də keyfiyyət dəyişməsinə səbəb olacaq.
Bu gün Qarabağda işlər tam yekunlaşmasa da, bu bölgə artıq keçmişin yükünü çiynindən atıb və gələcəyə doğru yola çıxıb. Bu yol asfaltdan yox, niyyətdən və vizyondan ibarətdir. Bu bölgənin sərnişinləri olan turistlər, iş adamları, sənətkarlar, müəllimlər həmin yerlərə bir daha gəlmək istəyəndə, cavabında yalnız “Xoş gəlmisiniz, bura Qarabağdır!” ifadəsini eşidir.
TƏHLİL ANALİTİK QRUP