Qlobal proseslər: yeni dünya bölgüsü və ABŞ-nin genişlənən nüfuz dairəsi - ARAŞDIRMA

Müasir dünya nizamı soyuq müharibədən sonra ən kəskin transformasiya dövrünü yaşayır. Əvvəlki onilliklərdən fərqli olaraq, hazırkı proseslər sadəcə hərbi güclə deyil, həm də iqtisadi asılılıq, texnoloji üstünlük və strateji ittifaqların yenidən qurulması ilə xarakterizə olunur. Bu gün biz "Yeni dünya bölgüsü" adlandıra biləcəyimiz prosesin şahidiyik. Bu bölgünün mərkəzində isə üç əsas güc dayanır: ABŞ, Çin və Rusiya.
Hazırkı qlobal rəqabət üç fərqli modelin toqquşması üzərində qurulub:
ABŞ: Liberal-demokratik dəyərlər, qlobal dəniz yollarına nəzarət və hərbi-siyasi alyanslar (NATO, AUKUS) vasitəsilə öz hegemonluğunu qoruyub saxlamağa və genişləndirməyə çalışır.
Çin: "Bir kəmər, bir yol" layihəsi ilə iqtisadi ekspansiya həyata keçirir. Pekin əsasən Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikasında maliyyə asılılığı yaradaraq təsir dairəsi qurur.
Rusiya: Daha çox hərbi müdaxilə və enerji resursları vasitəsilə "yaxın ətraf" (Post-sovet məkanı) və Yaxın Şərqdə öz mövqelərini saxlamağa çalışır.
Son illərin ən maraqlı geosiyasi tendensiyası ABŞ-nin "yumşaq" və "sərt" gücündən istifadə edərək, bir vaxtlar onun əsas rəqiblərinə (Rusiya və Çin) yaxın olan ölkələri öz təsir dairəsinə çəkməsidir. Vaşinqtonun strateji hədəfi sadəcə Avropanı qorumaq deyil, həm də rəqiblərin müttəfiqləri hesab olunan regionlara daxil olmaqdır.
İndiki vaxtda ABŞ-nin maraq dairəsində olan ərazilər:
Venesuela: İllərlə davam edən sanksiyalar və iqtisadi böhrana baxmayaraq Karakasın Moskvadan uzaqlaşmaq fikri yox idi. Lakin “Mütləq Qətiyyət” adlandırılan planlı əməliyyatın Vaşinqtonla məcburi dil tapmasına şərait yaradır. Venesuelanın yenidən ABŞ-ın enerji orbitinə qayıtması qaçılmaz görünür.
Kuba: Son hadisədən sonra İqtisadi təcrid və daxili çətinliklər Kubanı onilliklərlə davam edən ideoloji mübarizədən imtina edib, ABŞ ilə münasibətləri normallaşdırmağa və Qərb investisiyalarına qapı açmağa məcbur edir.
Kolumbiya: Latın Amerikasının ən kritik ölkələrindən olan Kolumbiya ilə ABŞ arasındakı münasibətlər yeni bir müstəviyə keçir. ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasındakı son telefon danışığı tərəflər arasındakı "buzların əriməsi" kimi qiymətləndirilir. Trampın bildirdiyinə görə, Petro ona narkotiklərlə bağlı vəziyyəti və aralarındakı bəzi anlaşılmazlıqları aydınlaşdırmaq üçün zəng edib. Trampın bu danışığı yüksək qiymətləndirməsi və yaxın gələcəkdə görüşmək istəyini bildirməsi göstərir ki, hətta solçu liderlərin rəhbərlik etdiyi ölkələr belə ABŞ-nin strateji orbitindən kənarda qala bilmirlər. Bu təmas Kolumbiyanın ABŞ-nin regional təhlükəsizlik memarlığında qalacağını bir daha təsdiqləyir.
Meksika: ABŞ-nin yeni dünya bölgüsü strategiyasında ən mühüm iqtisadi dayaq nöqtəsidir. ABŞ Çinlə olan tədarük zənciri asılılığını azaltmaq üçün "Nearshoring" (istehsalın yaxın ölkəyə köçürülməsi) siyasətinə keçib. Bu proses Meksikanı dünyanın yeni istehsal mərkəzinə və ABŞ-nin ən böyük ticarət tərəfdaşına çevirə bilər. Meksika iqtisadiyyatı USMCA sazişi ilə ABŞ-yə o qədər sıx bağlanıb ki, ölkə artıq Şimali Amerikanın vahid iqtisadi qalasına çevrilib. Bu, Meksikanın həm də təhlükəsizlik və miqrasiya məsələlərində ABŞ-nin strateji tərəfdaşı kimi mövqeyini sarsılmaz edir.
Serbiya: Balkanlarda Rusiyanın ən yaxın müttəfiqi hesab olunan Serbiya hazırda kritik seçim qarşısındadır. Avropa İttifaqına inteqrasiya və Qərb investisiyaları Belqradı Moskvanın hərbi orbitindən çıxararaq tədricən ABŞ-nin təsir dairəsinə keçirir. Serbiyanın Qərb silahlarına və texnologiyasına meyil etməsi Rusiyanın regiondakı təsirinin sonu ola bilər.
İran: Ən dramatik dəyişiklik İran istiqamətində baş verə bilər. Daxili etirazlar, iqtisadi çöküş və beynəlxalq təcrid Tehranı strateji geri çəkilməyə məcbur edir. Uzunmüddətli perspektivdə İranın nüvə razılaşması və ya regional təhlükəsizlik formatları vasitəsilə Qərbin təsir dairəsinə (və ya neytral zonaya) keçmə ehtimalı, ABŞ-nin Avrasiyadakı ən böyük strateji qələbəsi ola bilər. "İbrahim Sazişləri" (Abraham Accords) vasitəsilə İsrail və ərəb dünyasını İran əleyhinə vahid blokda birləşdirən ABŞ, Tehranda rejimin və ya siyasətin dəyişməsi ilə bu böyük dövləti də gələcəkdə öz orbitinə daxil etməyi hədəfləyir.
Qrenlandiya: ABŞ-nin yeni dünya bölgüsündəki ən iddialı addımlarından biri Arktika regionunda mövqelərini möhkəmləndirməkdir. Bu strategiyanın mərkəzində dünyanın ən böyük adası olan Qrenlandiya dayanır. Donald Trampın hələ birinci prezidentlik dövründə Qrenlandiyanı satın almaq ideyası sadəcə bir "əmlak sövdələşməsi" deyil, dərin geosiyasi hesablamadır. ABŞ adanı ələ keçirməklə və ya orada hərbi-iqtisadi mövcudluğunu maksimuma çatdırmaqla Arktikada Rusiyanın və Çinin təsirini bloklamaq istəyir. Buzların əriməsi ilə açılan yeni dəniz yolları və Qrenlandiyadakı zəngin mineral ehtiyatları adanı ABŞ üçün "vazkeçilməz" edir. Pituffik (keçmiş Tule) aviabazası artıq ABŞ-nin raketdən müdafiə sisteminin əsas hissəsidir. Gələcəkdə Qrenlandiyanın Danimarka orbitindən tamamilə çıxaraq ABŞ-nin birbaşa təsir dairəsinə (hətta ştat kimi) keçməsi ehtimalı olduqca yüksəkdir.
Mərkəzi Asiya ölkələri: Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan və s.) hazırda kəskin yerdəyişmə dövrünü yaşayır. "C5+1" formatı çərçivəsində ABŞ-nin region ölkələri ilə birbaşa dialoqu və trans-Xəzər layihələri bu regionu tədricən Rusiyanın təsirindən çıxararaq Qərbin strateji orbitinə yaxınlaşdırır.
Ukrayna: Ukrayna müharibədən sonra Şərqi Avropanın ən güclü hərbi dayaq nöqtəsi olaraq Qərb blokunun ayrılmaz hissəsinə çevrilir. Rusiyanın təsir dairəsindən tamamilə çıxan Ukrayna, ABŞ-nin Avrasiyadakı strateji forpostu rolunu oynayacaq.
Bu yeni bölgü artıq tək ideoloji deyil, daha çox texnoloji və maliyyə xarakterlidir. ABŞ-nin rəhbərlik etdiyi blok çip istehsalı və süni intellekt üzərində inhisar yaradır, SWIFT və dolların gücü ilə rəqib ölkələri iqtisadi manevr imkanlarından məhrum edir və Rusiyadan asılılığı azaldaraq yeni alternativ dəhlizlər yaradır. Dünyanın yenidən bölünməsi prosesində ABŞ öz təsir dairəsini genişləndirmək üçün "iqtisadi cəlbedicilik" və "təhlükəsizlik zəmanəti" kartlarından məharətlə istifadə edir. Venesuela, Serbiya və hətta İran kimi ölkələrin bu orbitə güc və təzyiqlərlə cəlb edilməsi, Rusiya və Çinin "çoxqütblü dünya" ambisiyalarına ciddi zərbə vurur. Yeni dünya bölgüsü göstərir ki, müasir dövrdə qalib gələn tərəf təkcə silahı olan deyil, həm də gələcəyin texnologiyasını və iqtisadi rifahını vəd edən tərəfdir. Baş verən hadisələr sübut edir ki, ABŞ dünyanın böyük bir qismini öz nəzarəti altına almağı strateji hədəf seçib və əldə olunan nəticələr artıq hər kəsə bəllidir.
Azadxan Axundov