Bu gün

İran ideoloji legitimliyini tədricən itirir - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu açıq şəkildə dilə gətirməsi, üstəlik bu təşəbbüsün Tehrandan gəldiyini vurğulaması, təkcə iki ölkə arasında mümkün diplomatik prosesin başlanğıcı kimi deyil, həm də İranın daxilində baş verən dərin siyasi-sosial böhranın xarici siyasətə birbaşa təsiri kimi qiymətləndirilməlidir. Çünki hazırkı mərhələdə İran üçün nüvə dosyesi artıq texniki və ya ideoloji məsələ olmaqdan çıxaraq rejimin yaşama strategiyasının əsas alətlərindən birinə çevrilib. Ona görə də Donald Trampın “İrandan zəng vurmuşdular” ifadəsi sıradan diplomatik detal deyil. Bu, ABŞ-nin klassik güc siyasətində tez-tez istifadə etdiyi psixoloji üstünlük qurma üsuludur. Vaşinqton bu mesajla üç auditoriyaya eyni anda müraciət edir. Birincisi, Tramp Amerika xalqına göstərir ki, maksimum təzyiq siyasəti nəticə verib və Tehran geri addım atmağa məcbur olub. İkincisi isə ABŞ beynəlxalq ictimaiyyətə hələ də qlobal gündəmi formalaşdıran əsas aktor olduğunu xatırladır. “Görüşə qədər addım atmalı ola bilərik” fikri isə açıq xəbərdarlıqdır, yəni danışıqlarla paralel hərbi, iqtisadi və ya kəşfiyyat xarakterli təzyiq variantları masadan çıxarılmır.

İranda iki həftədən artıq davam edən etirazlar artıq klassik sosial narazılıq çərçivəsini aşaraq rejimə meydan oxuma mərhələsinə keçib. Etirazçılardan 500-nün həlak olması, 10600-dən çoxunun həbs olunması dövlətlə cəmiyyət arasında körpülərin necə sürətlə dağıldığını göstərir. Bu fakt hakimiyyətin böhranı siyasi dialoqla deyil, təhlükəsizlik vasitələri ilə həll etməyə çalışdığını təsdiqləyir. Ona görə də üç günlük milli matəmin elan edilməsi zahirən humanist addım kimi təqdim edilsə də, əslində bu qərar narazılığın miqyasını etiraf etmək deməkdir. Prezident Məsud Pezeşkianın anım mərasimində iştirakı isə rejimin “xalqla birlikdəyik” mesajı vermək cəhdidir. Lakin bu jestlərin real siyasi islahatlarla müşayiət olunmaması onların təsir gücünü zəiflədir.

Tez-tez iddia olunur ki, İrandakı etirazların əsas səbəbi sanksiyalar və iqtisadi çətinliklərdir. Lakin hazırkı proseslər göstərir ki, problem daha dərin və struktur xarakterlidir. Etirazlar idarəetmə modelinə, dini-siyasi iyerarxiyaya və vətəndaşın qərarvermədə iştirak etməməsinə qarşı yönəlib. Bu baxımdan İran İslam Respublikası ideoloji legitimliyini tədricən itirir. Xüsusilə gənc nəsil üçün dini-siyasi diskurs artıq mobilizasiyaedici gücə malik deyil. Bu isə hakimiyyətin ənənəvi dayaqlarını zəiflədir və onu daha çox güc tətbiqinə sövq edir. Belə bir şəraitdə ABŞ ilə danışıqlar İran üçün sadəcə nüvə proqramı ətrafında kompromis deyil. Bu, həm də sanksiyaların qismən yumşaldılması, iqtisadi nəfəsliyin açılması, daxili narazılığın tempinin azaldılması üçün bir vasitə kimi görülür. Tehran hesab edir ki, xarici təzyiq azaldıqca daxili təzyiq də müəyyən qədər səngiyə bilər. Lakin bu yanaşma qısamüddətli effekt verə bilər və struktur problemləri həll etmir.

İranın daxili zəifləməsi Yaxın Şərq üçün paradoksal şəkildə sabitlik deyil, daha böyük risk yarada bilər. Çünki daxildə sıxışan Tehran xaricdə – İraq, Suriya, Livan və Yəməndə daha aqressiv davranaraq diqqəti yayındırmağa çalışa bilər. ABŞ və müttəfiqləri də bunu nəzərə alaraq İranla dialoqu tam qapamamağa çalışırlar. Ona görə də ABŞ-İran mümkün dialoqu bu böyük seçim qarşısında yalnız bir epizoddur.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?