Bu gün

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycan yeni böyük töhfələr verir - TƏHLİL

Müasir dövrdə enerji təhlükəsizliyi ilə bağlı proseslərin inkişafı əksər ölkələrin tərəfdaşlarını yenidən müəyyənləşdirməsi, bu istiqamətdə əlaqələrinin arxitekturasını əsaslı şəkildə dəyişdirməsi ilə müşayiət edilir. Özü də proses təkcə istehlkaçıları yox, həm də istehsalçıları əhatə edir. Amma belə demək mümkünsə, zamanın sınağından çıxan, etibarlı tərəfdaşlıq münasibətləri quran ölkələr də mövcuddur və Azərbaycan da onların sırasında yer alır. Neft, qaz, eləcə də elektrik enerjisi ilə təminat sahəsində Azərbaycan özünü təsdiqləmiş mühüm tərəfdaşdır və elə qeyd olunan kontekstdə ölkəmizlə sözügedən istiqamət üzrə də əməkdaşlığın miqyası genişlənir.

Ümumiyyətlə, Azərbaycanla enerji müstəvisində əməkdaşlıq edən ölkələrin sayı ölkənin yeni müstəqillik tarixində artan xətt üzrə inişaf edib və onların əksəriyyəti Avropanı təmsil edir. Cari ildə daha iki Avropa ölkəsi təbii qazla təminatının bir hissəsini yenə Azərbaycana həvalə edəcək. Azərbaycanın bu məsələdə malik olduğu əsas üstünlüklərdən biri də təchizatı əsas etibarı ilə boru kəmərləri vasitəsilə həyata keçirməsidir. İndiki dövrdə bu xüsusda dünya miqyasında liderlik məhz ölkəmizə məxsusdur. Boru kəmərləri vasitəsilə müxtəlif ölkələrin qazla təmin edilməsi Azərbaycana iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, onun geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir.

Bəllidir ki, Azərbaycanın qaz ehtiyatlarının əsas mənbəyi Xəzər dənizində yerləşən “Şahdəniz” yatağıdır. Bu yatağın istismara verilməsi ilə Azərbaycan yalnız daxili tələbatını ödəməklə kifayətlənmədi, eyni zamanda Avropa və qonşu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Lakin digər yataqların da tədricən işlənməsi müxtəlif ölkələrin enerji sahəsində təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artıracaq. Bundan əlavə, ölkəmizin bərpaolunan enerji mənbələrinə sürətli keçidi böyük həcmdə təbii qaza qənaətə və beləliklə də həmin həcmin ixracına imkan yaradır. Məsələn, elə bu günlərdə açılış mərasimi keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qarşıdakı dövr ərzində Azərbaycanda elektrik enerjisinin daha çox bərpa edilən mənbələr hesabına hasil ediləcəyi nəzərə alınarsa, onda ixrac üçün təbii qazın böyük ehtiyatlarının yaranacağını proqnozlaşdırmaq olar. Beləliklə, həm bu hal, həm də yeni yataqların işlənməsi və ya mövcud olanlardan hasilatın artması Azərbaycanın təbii qaz ixracatçısı kimi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu fonda qeyd edib ki, ötən il ölkəmizin ixracı artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub: “Bu artımın iki mənbəyi var. Birincisi, mən söylədiyim kimi, bərpaolunan enerji. Bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik. İkincisi, mövcud və yeni yataqlardan yeni hasilat. Bunların arasında biz “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilat gözləyirik. Bildiyiniz kimi, bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük qaz yataqları var. Məhz buna görə onu “dərin qaz yatağı” adlandırırlar. Hasilatın bu il başlanmasını gözləyirik. Biz, həmçinin qarşıdakı illərdə “Şahdəniz”də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin başlanmasını gözləyirik, bu, “Şahdəniz Kompressiya” adlanır. Həmçinin “Babək” yatağı var, çox böyük və ümidvericidir, bir sıra şirkətlər investor olmaq istəyir. Sözsüz ki, ölçüsünə görə “Şahdəniz”lə müqayisə oluna biləcək yataq “Abşeron”dur. Hazırda orada birinci mərhələ üzrə hasilat həyata keçirilir ki, biz bunu yerli istehlak üçün əldə edirik. “Abşeron”un ikinci mərhələsi bizə ola bilsin bugünkündən 3 dəfə daha çox qaz təmin edəcək ki, bazarlar üçün daha çox olsun. Bizim qazımız onu artıq əldə edən və həcmi artırmaq istəyən ölkələrə, həmçinin onu hələ əldə etməmiş ölkələrə lazımdır”.

Yuxarıda qeyd edildiyi kimi Azərbaycan təminatı boru kəməri ilə həyata keçirməklə idxalçılar üçün də əlverişli şərait yaradır. Hazırda Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Prezident İlham Əliyev qeyd edib ki, bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq: “Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir... Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir”.

Azərbaycan qazının boru kəməri vasitəsilə Avropaya nəqli Cənub Qaz Dəhlizi vasitəsilə reallaşır. Onun vasitəsilə Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya kimi ölkələrə çatdırılır. Lakin Avropada inşa edilən interkonnektorlar burada yer alan digər bir sıra ölkələrin də Azərbaycan qazından yararlanmasına imkan verir. Hazırda Avropa ölkələri üçün Azərbaycan alternativ və etibarlı təbii qaz mənbəyi kimi vacib rol oynayır. Bu, bir mənbədən asılılığın azalmasına, bazarda rəqabətin artmasına və enerji qiymətlərinin daha stabil olmasına şərait yaradır. Xüsusilə qlobal enerji böhranları fonunda Azərbaycan qazı bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan üçün boru kəmərləri həm də geosiyasi əhəmiyyətə malikdir. Enerji layihələri ölkəmizi regionda etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycan Türkiyə, Gürcüstan və Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlıq əlaqələrini məhz enerji sahəsi vasitəsilə daha da gücləndirir. Boru kəməri ilə qaz nəqli digər nəql üsulları ilə müqayisədə daha təhlükəsiz və ekoloji baxımdan səmərəli hesab olunur. Təbii qaz kömür və neftlə müqayisədə ətraf mühitə daha az zərər vurur, karbon emissiyalarını azaldır. Bu da qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində Azərbaycanın məsuliyyətli enerji siyasəti yürütməsini nümayiş etdirir.

Azərbaycanın qaz təchizatı siyasətinin digər üstünlüyü uzunmüddətli və sabit müqavilələrə əsaslanmasıdır. Bu, həm ixracatçı, həm də idxalçı ölkələr üçün etibarlı əməkdaşlıq mühiti yaradır. Uzunmüddətli müqavilələr enerji bazarında qeyri-müəyyənlik risklərini azaldır və tərəflərə planlı iqtisadi inkişaf imkanı verir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkəni regionun əsas enerji mərkəzlərindən birinə çevirir və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Gələcəkdə qaz ixracının coğrafiyasının daha da genişlənməsi Azərbaycanın beynəlxalq arenadakı rolunu daha da möhkəmləndirəcək. Digər tərəfdən o da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Avropa istiqamətində təbii qaz nəqlində həm də tranzit məkan hesab olunur.

Qazla yanaşı, Qərb istiqamətində elektrik enerjisinin böyük həcmdə ixracına gedən hazırlıq da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?