10 yanvar

Seul-Pekin dialoqu: imkanlar, risklər və Koreya yarımadasının gələcəyi - ŞƏRH

Cənubi Koreya prezidenti Li Çje Mının Çinə səfəri Seulun xarici siyasətdə daha balanslı və çevik xətt yürütməyə çalışdığını göstərir. ABŞ ilə strateji müttəfiqliyi qoruyub saxlamaqla yanaşı, Çinlə münasibətlərin normallaşdırılması Cənubi Koreya üçün həm iqtisadi sabitlik, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən çoxsaylı yüksək səviyyəli görüşlər tərəflərin dialoqa açıq olduğunu və son illərdə yaranmış siyasi soyuqluğu aradan qaldırmaq niyyətində olduqlarını nümayiş etdirir. Bu baxımdan səfər daha çox etimadın bərpasına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər.

İqtisadi və mədəni əməkdaşlıq səfərin əsas prioritet istiqamətlərindən biri olub. Çin Cənubi Koreyanın aparıcı ticarət tərəfdaşlarından biri olaraq qalır və iki ölkə arasında texnologiya, sənaye istehsalı, təchizat zəncirləri və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi hər iki tərəf üçün qarşılıqlı fayda vəd edir. Xüsusilə regional və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda bu əməkdaşlığın gücləndirilməsi Seul üçün alternativ iqtisadi imkanların genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Mədəni mübadilənin bərpası isə cəmiyyətlərarası əlaqələrin möhkəmlənməsinə və siyasi dialoqun daha davamlı olmasına xidmət edə bilər.

Şimali Koreya məsələsi səfərin ən həssas və mürəkkəb mövzularından biri olaraq qalır. Prezident Li Çje Mının bu məsələdə Çindən vasitəçilik xahişi Pekinin regiondakı təsir imkanlarının Seul tərəfindən açıq şəkildə qəbul edildiyini göstərir. Bununla belə, Çin tərəfinin ehtiyatlı mövqeyi və konkret öhdəliklərdən yayınması Pekinin Pxenyanla münasibətlərdə daha çox balanslı və praqmatik xətt yürütməyə üstünlük verdiyini ortaya qoyur. Şimali Koreyanın səfər zamanı hipersəs raket sınağı keçirməsi isə regional gərginliyi artırmaqla yanaşı, həm Seula, həm də Pekinə yönəlmiş siyasi mesaj kimi dəyərləndirilə bilər.

Yüksək səviyyəli görüşlər zamanı denuklearizasiya mövzusunun açıq şəkildə gündəmə gətirilməməsi müxtəlif şərhlərə səbəb olub. Bu addım Cənubi Koreya hakimiyyətinin mövqeyinin yumşaldılması kimi qəbul edilsə də, əslində bu, diplomatik manevr və mərhələli yanaşma kimi də izah oluna bilər. Seulun ilkin mərhələdə daha sərt mövzuları arxa plana keçirməsi Çinlə münasibətlərin bərpasına fokuslanmaq niyyətindən irəli gəlir. Prezidentin Seula qayıtdıqdan sonra denuklearizasiya mövzusunu yenidən gündəmə gətirməsi isə Cənubi Koreyanın əsas prinsipial mövqeyindən geri çəkilmədiyini açıq şəkildə göstərir.

Ümumilikdə, Li Çje Mının Çinə səfəri Çin-Cənubi Koreya münasibətlərinə yeni impuls verərək dialoq üçün daha əlverişli mühit yaradıb. Bununla belə, ABŞ-Çin rəqabəti, Koreya yarımadasında davam edən hərbi risklər və Şimali Koreyanın qeyri-müəyyən mövqeyi bu prosesin dərinləşməsini məhdudlaşdıra bilər. Yaxın perspektivdə münasibətlərdə tədrici istiləşmə mümkün görünsə də, Şimali Koreya məsələsində real irəliləyişin əldə olunması üçün Pxenyanın dialoqa maraq göstərməsi həlledici amil olaraq qalacaq.

Hikmət Həsənov

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?