Yaşıl enerji dəhlizi və elektrik ixracı: Azərbaycanın uzunmüddətli inkişaf modeli - MƏQALƏ

Neft, təbii qazla yanaşı, Azərbaycan yaxın tezlikdə elektrik enerjisinin də mühüm ixracatçılarından birinə çevriləcək. Qeyd edilməlidir ki, Azərbaycan bır sıra ölkələrə artıq elektrik enerjisinin ixracını həyata keçirir. Lakin yaxın tezlikdə həm ixrac coğrafiyasının genişlənməsi, həm də həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Azərbaycanda yaradılan generasiya gücləri də proseslərin məhz bu istiqamətdə inkişaf etdiyini təsdiqləyir.
Məsələnin daha bir mühüm tərəfi ondan ibarətdir ki, ölkəmizdə yeni generasiya gücləri daha çox bərpaedilən enerji mənbələri hesabına təmin edilir. Digər tərəfdən istehsal mənbələrinin və ötürücü xətlərin modern tələblər səviyyəsində qurulması Azərbaycanın dayanıqlı təchizatçıya çevrilməsi istiqamətində əlavə üstünlüklər yaradır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib: “Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir”.
Dövlət başçısı onu da qeyd edib ki, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb: “Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”. Prezidentin toxunduğu daha bir mühüm məqam Azərbaycanda ənənəvi generasiya gücləri ilə bərpaolunan generasiya güclərinin paralel şəkildə inkişaf etdirilməsidir. Dövlət başçısı xatırladıb ki, ötən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir: “Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”.
Növbəti bərpa edilən böyük stansiyaların açılışının isə Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə açılması nəzərdə tutulur. Eyni zamanda Xəzər dənizində də bu növ enerjinin istehsalı nəzərdə tutulur. Beynəlxalq qiymətləndirməyə görə, Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı 157 giqavat səviyyəsindədir. Ümumiyyətlə, Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün nəhəng külək potensialına malikdir və bu baxımdan dünyada ikinci yerdə gəlir. Bütün bunlar o deməkdir ki, Xəzər dənizinin bərpa olunan enerji mənbələri üzrə potensialı Azərbaycanın digər alternativ mənbələrdən enerji potensialını dəfələrlə üstələyir. Bütün bunlardan tədricən istifadə nəticəsində Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Bu müstəvidə ölkəmiz elektrik enerjisinin də mühüm ixracatçılarından birinə çevriləcək.
O da faktdır ki, elektrik enerjisinin ixracı müasir dövrdə ölkələrin iqtisadi, siyasi və strateji inkişafında mühüm rol oynayan əsas istiqamətlərdən biridir. Qloballaşma, regional inteqrasiya və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir şəraitdə elektrik enerjisinin istehsalı və ixracı dövlətlər üçün təkcə iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda geosiyasi təsir vasitəsi kimi çıxış edir. Xüsusilə enerji resursları ilə zəngin və ya alternativ enerji potensialına malik ölkələr üçün elektrik enerjisinin ixracı uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir.
Azərbaycanın elektrik enerjisi ixracı ilə bağlı ən mühüm təşəbbüslərdən biri “Yaşıl enerji dəhlizi” layihəsidir. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış saziş çərçivəsində Xəzər dənizindən Avropaya qədər elektrik ötürmə xətlərinin çəkilməsi istiqamətində zəruri addımlar atılır. Bu layihə sayəsində Azərbaycanda istehsal edilən yaşıl enerji Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Avropanın digər bölgələrinə ötürüləcək. Bundan başqa, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandu” imzalanıb. Qeyd edilənlər Azərbaycandan daha çox həcmdə Avropaya elektrik enerjisinin ixracına imkan verir.
O da bəllidir ki, elektrik enerjisi ixracı ölkəyə davamlı valyuta axını təmin edir, dövlət büdcəsinin gəlirlərini artırır və enerji sektoruna yatırılan investisiyaların geri dönüşünü sürətləndirir. Eyni zamanda elektrik enerjisinin ixracı sənaye və infrastrukturun inkişafını stimullaşdırır. Enerji ixracı üçün güclü ötürücü xətlər, yarımstansiyalar və müasir idarəetmə sistemləri tələb olunur. Bu infrastrukturun qurulması nəqliyyat, tikinti, mühəndislik və yüksək texnologiyalar sahələrinin inkişafına təkan verir. Nəticədə, enerji ixracı təkcə enerji sektorunu deyil, bütövlükdə milli iqtisadiyyatı canlandıran çoxşaxəli təsir mexanizminə malik olur. Azərbaycan nümunəsi bunu bir daha təsdiq edir.
Siyasi və geosiyasi baxımdan elektrik enerjisinin ixracı ölkənin regional və beynəlxalq mövqelərini gücləndirir. Elektrik enerjisi sabit və fasiləsiz təminat tələb edən strateji məhsul olduğundan, bu sahədə etibarlı tərəfdaş statusu qazanan ölkələr beynəlxalq aləmdə nüfuzlarını artırırlar. Enerji diplomatiyası vasitəsilə regional sabitliyə və əməkdaşlığa töhfə vermək imkanı yaranır. Qeyd edilən istiqamətdə də Azərbaycan müvafiq addımlar atır.
Elektrik enerjisinin ixracının əhəmiyyəti enerji təhlükəsizliyi kontekstində də ön plana çıxır. Müxtəlif ölkələr arasında enerji şəbəkələrinin birləşdirilməsi, qarşılıqlı ixrac və idxal mexanizmlərinin qurulması regional enerji balansını daha dayanıqlı edir. O da məlum həqiqətdir ki, müasir dövrdə bərpa olunan enerji mənbələrinin inkişafı elektrik enerjisinin ixracına yeni məzmun qazandırır. Günəş, külək, su və digər alternativ mənbələrdən istehsal olunan yaşıl enerjinin ixracı ekoloji baxımdan təmiz və dayanıqlı inkişaf modelinin təşviqinə xidmət edir. Bu cür enerji ixracı ölkələrin beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verir, karbon emissiyalarının azaldılmasına şərait yaradır və yaşıl iqtisadiyyatın formalaşmasını sürətləndirir. Eyni zamanda, yaşıl enerjinin ixracı ölkələrə innovativ texnologiyalar sahəsində rəqabət üstünlüyü qazandırır.
Azərbaycan həm də Mərkəzi Asiyada alternativ mənbələr hesabına təmin edilən elektrik enerjisinin öz ərazisindən Avropaya nəqli istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Bütün bunlar fonunda elektrik enerjisinin ixracı ölkəmiz üçün təkcə iqtisadi fəaliyyət sahəsi deyil, həm də milli inkişaf strategiyasının mühüm dayaqlarından biri kimi çıxış edir.
MTM Analitik Qrupu