Benzin ixracında yeni mərhələ: Aİ-95 beynəlxalq bazarda - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan 10,65 min ton benzin ixrac olunub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar–oktyabr aylarında ölkədən 25,6 min ton benzin ixrac edilib. 2022-ci ildə bu göstərici 20,1% və ya 5,15 min ton artaraq 30,75 min ton təşkil edib. 2023-cü ilin eyni dövründə isə benzin ixracının həcmi 30,79 min ton olub ki, bu da əvvəlki illə müqayisədə 0,04 min ton və ya 0,1% artım deməkdir.
Xatırladaq ki, yalnız 2024-cü ilin yanvar–oktyabr aylarında benzin ixracı qeydə alınmayıb. Ondan əvvəlki illərdə ixrac olunan benzin yalnız Aİ-92 markalı olub. 2025-ci ilin ilk 10 ayı üzrə isə Aİ-92 markalı benzinlə yanaşı, Aİ-95 markalı benzin də ixrac edilib.
.png)
Cari ilin yanvar–oktyabr aylarında benzin ixracından əldə olunan gəlir 6,9 milyon ABŞ dolları təşkil edib ki, bu da son beş il ərzində müvafiq dövr üzrə qeydə alınan ən aşağı göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar–oktyabr aylarında benzin ixracından 13,3 milyon ABŞ dolları gəlir əldə olunub. 2022-ci ildə bu göstərici 14,6 milyon ABŞ dolları və ya 109,6% artaraq (iki dəfədən çox) 27,9 milyon ABŞ dollarına yüksəlib ki, bu da son beş il üzrə ən yüksək nəticə hesab olunur. 2023-cü ildə isə benzin ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 22,9% azalıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında benzin ixracı qeydə alınmadığından, həmin dövrdə ixrac gəliri də olmayıb.
.png)
Aparılan təhlilə əsasən, ölkə üzrə ixracda ən böyük pay Aİ-92 markalı benzinin payına düşür. 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə 6 457 ton Aİ-92 markalı benzin ixrac olunub və bu ixrac Türkiyə, Əfqanıstan və Gürcüstan istiqamətində həyata keçirilib.
Rəsmi rəqəmlərə əsasən, Aİ-92 markalı benzinin 47%-i Türkiyəyə, 36%-i Əfqanıstana, 17%-i isə Gürcüstana ixrac olunub.
Eyni dövrdə 4 196 ton Aİ-95 markalı benzin ixrac edilib.
Qeyd edək ki, sözügedən dövrdə Aİ-95 markalı benzin yalnız Gürcüstana göndərilib.
.png)
Rəsmi məlumatlara əsasən, 2021-ci ilin yanvar–oktyabr aylarında ixrac olunan Aİ-92 markalı benzinin bir litrinin orta qiyməti 0,4 ABŞ dolları təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 0,7 ABŞ dollarına yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 0,3 ABŞ dolları və ya 74,4% artım deməkdir. 2023-cü ildə Aİ-92 markalı benzinin litrinin qiyməti 23% və ya 0,16 ABŞ dolları azalaraq 0,54 ABŞ dolları səviyyəsində qeydə alınıb. Cari ildə isə ixrac olunan Aİ-92 markalı benzinin bir litrinin orta qiyməti 0,49 ABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında benzin ixracı qeydə alınmadığından, həmin dövrdə qiymət göstəricisi də formalaşmayıb.
Bununla yanaşı, 2025-ci il dekabrın 18-də SOCAR tərəfindən Ermənistana ilk dəfə olaraq yerli neft məhsulu ixrac edilib. Məlumata görə, 22 vaqona yüklənmiş 1 220 ton Aİ-95 markalı avtomobil benzini dekabrın 19-da təyinat ölkəsinə çatdırılıb.
Bu göndəriş Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gecikməsinə baxmayaraq həyata keçirilən ilk ticarət əməliyyatı kimi qiymətləndirilə bilər.
