Bu gün

Gəlir vergisi güzəştləri başa çatır: kim nə qədər vergi ödəyəcək?

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisi ilə bağlı tətbiq edilən güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, əməkhaqqı 2500 manatadək olan şəxslərdən 3% gəlir vergisi tutulacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.

Deputat bildirib ki, qanunvericiliyə əsasən özəl sektorda çalışan bütün muzdlu işçilərə 200 manatlıq vergi güzəşti tətbiq olunur. Belə ki, 1000 manat maaş alan vətəndaş gələn aydan etibarən 24 manat gəlir vergisi ödəyəcək.

Onun sözlərinə görə, şəhid ailələri üçün güzəştlər daha genişdir. Şəhid statusu almış şəxslərin valideynləri, dul həyat yoldaşları və övladlarının aylıq gəliri 800 manatadək vergidən azad edilir. Bu kateqoriyaya daxil olan şəxslər 1000 manat maaş aldıqları halda cəmi 6 manat vergi ödəyəcəklər. Eyni güzəştlər Vətən müharibəsi qəhrəmanları və milli qəhrəmanlara da şamil olunur.

Vüqar Bayramov qeyd edib ki, qazilər və müharibə veteranları üçün gəlirdən 400 manatlıq azadolma nəzərdə tutulub. Bu halda, minimum əməkhaqqı alan şəxslər ümumiyyətlə vergi ödəməyəcək, 1000 manat maaş alanlar isə 18 manat vergi verəcəklər.

Deputat əlavə edib ki, birinci qrup əlillər, məcburi köçkünlər və digər bəzi kateqoriyalara aid vətəndaşlar üçün də ayrıca vergi güzəştləri mövcuddur.

Sonda millət vəkili vurğulayıb ki, ölkədə orta aylıq əməkhaqqının artımı nəzərə alınaraq vergi güzəştlərinin məbləğlərinə yenidən baxılması və onların artırılması məqsədəuyğun olardı. (trend)

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?