Ekspert: "Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib" - RƏY

Azərbaycan bu gün Cənubi Qafqazın əsas ölkəsidir və orta güc dövləti kimi tanınır.
Bu fikirləri təhlil.az saytına Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü, politoloq, siyasi elmlər namizədi Talqat Kaliyev deyib.
Onun sözlərinə görə, əgər məntiqi düşünəriksə, Mərkəzi Asiya ölkələri qonşu Cənubi Qafqaz regionu ilə, ilk növbədə isə Azərbaycanla daha sıx yaxınlaşmalıdır:
"Bizim Bakı ilə mütəmadi olaraq mövqelərimizi uzlaşdırmağa, münasibətlərin yeni mexanizmini formalaşdırmağa ehtiyacımız var. Müasir geosiyasət ölkələrimizdən təkcə Mərkəzi Asiya ilə məhdudlaşmayan, eyni zamanda Cənubi Qafqazı, Çini və Bakı üzərindən Türkiyə və Avropa İttifaqını da əhatə edən regional iqtisadi siyasətin formalaşdırılmasını tələb edir”.
O bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin vahid və koordinasiyalı şəkildə çıxış etməsi hər iki tərəf üçün faydalıdır.
“Bu, Bakı üçün də sərfəlidir. Çünki Mərkəzi Asiya ölkələri Çin, Avropa İttifaqı və ABŞ-la münasibətlərdə artıq konsolidə olunmuş mövqelər formalaşdıraraq bundan maksimum fayda əldə ediblər. Bundan əlavə, Türk Dünyası Təşkilatına üzv ölkələr, məsələn, təyyarə istehsalı sahəsində əməkdaşlıq qura bilərlər. Gələcəkdə bu prosesə Ermənistan və Gürcüstanın da qoşulması mümkündür.
Belə bir regionlararası kooperasiya çərçivəsində bir ölkədə mühərriklər, digərində transmissiya elementləri, üçüncüdə təyyarənin füzelajı, dördüncüdə isə elektronika istehsal oluna bilər. Bütün bu komponentlər yekun mərhələdə montaj sexində birləşdirilərək hazır məhsula çevrilə bilər. Nəticədə hər bir ölkə müxtəlif istehsal mərhələlərində ixtisaslaşar və bu da hamımız üçün maksimum fayda təmin edər”, – deyə ekspert vurğulayıb.
T. Kaliyev Bakı ilə Astana arasında ikitərəfli münasibətlərin səviyyəsini də yüksək qiymətləndirib:
“Azərbaycanla Qazaxıstan arasında münasibətlər nümunəvidir. Liderlərimiz və xalqlarımız arasında dərin etimad və qarşılıqlı hörmət mühiti mövcuddur. Bizi mədəni yaxınlıq birləşdirir. Məhz buna görə də ticarət dövriyyəsi artır, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi genişlənir”.
Rasim Babayev