Blokadada qalan ölkənin iqtisadi hesabı: Ermənistan niyə normallaşmaya maraqlıdır? - ŞƏRH

Ararat Mirzoyanın TRIPP infrastrukturunun mümkün qədər tez işə salınması və bu istiqamətdə ABŞ tərəfi ilə intensiv əməkdaşlıq aparılması barədə açıqlaması, eləcə də iqtisadiyyat naziri Papoyanın Azərbaycana ixrac imkanlarından danışması Ermənistanın xarici siyasət və iqtisadi strategiyasında nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərir. Bu fikirlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində dəyərləndirildikdə, rəsmi İrəvanın uzun illər davam edən qarşıdurma, blokada və özünütəcrid siyasətinin ölkəni çıxılmaz vəziyyətə saldığını qəbul etməyə başladığı görünür. Ermənistan getdikcə daha çox anlayır ki, mövcud geosiyasi reallıqlarda ideoloji və emosional yanaşmalar yox, praqmatik və iqtisadi maraqlara əsaslanan siyasət ölkənin gələcəyi üçün həlledici rol oynayır.
TRIPP kimi regional və tranzit yönümlü infrastruktur layihələrinə maraq Ermənistanın geoiqtisadi reallığı dərk etdiyini göstərən mühüm göstəricidir. Dənizə çıxışı olmayan və iki əsas qonşusu ilə uzun illər bağlı sərhədlər şəraitində yaşayan Ermənistan üçün davamlı iqtisadi inkişaf yalnız regional nəqliyyat və kommunikasiya xətlərinə qoşulmaqla mümkündür. Mirzoyanın “mümkün qədər tez” ifadəsi təsadüfi deyil. Bu, Ermənistanın zamanın öz əleyhinə işlədiyini anladığını göstərir. Regional layihələrdən kənarda qalmaq ölkənin rəqabət qabiliyyətini daha da azaldır, sosial-iqtisadi problemləri dərinləşdirir. ABŞ ilə intensiv əməkdaşlıq isə bu təşəbbüslərə beynəlxalq siyasi dəstək qazandırmaq, eyni zamanda Qərb üçün də regionda yeni əməkdaşlıq formatı yaratmaq cəhdi kimi qiymətləndirilə bilər.
İqtisadiyyat naziri Papoyanın Azərbaycana ixracla bağlı açıqlaması isə normallaşma prosesində daha konkret və praktik məzmun daşıyır. Uzun illər ərzində Ermənistan siyasi ritorikasında Azərbaycan bazarı ya tamamilə görməzlikdən gəlinir, ya da düşmən obrazı fonunda qapalı mövzu kimi təqdim olunurdu. İndi isə bu bazar açıq şəkildə iqtisadi imkan kimi dəyərləndirilir. Bu dəyişiklik Ermənistan iqtisadiyyatının real vəziyyətindən qaynaqlanır: Məhdud bazar, zəif ixrac potensialı və investisiya çatışmazlığı fonunda Azərbaycan kimi böyük və yaxın bazar İrəvan üçün ciddi iqtisadi nəfəs yolu ola bilər. Bundan əlavə, Azərbaycan üzərindən daha geniş regional və beynəlxalq bazarlara çıxış perspektivi Ermənistan üçün strateji əhəmiyyət daşıyır.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda müsbət transformasiyalara yol aça bilər. Cənubi Qafqazda gərginliyin azalması və sabitliyin möhkəmlənməsi nəqliyyat və logistika xətlərinin açılmasını sürətləndirər, ticarət dövriyyəsini artırar və iqtisadi əməkdaşlıq üçün yeni platformalar yaradar. Regional risklərin azalması beynəlxalq investorların marağını gücləndirə, regionu daha cəlbedici iqtisadi məkana çevirə bilər. Bu proses Gürcüstan, Türkiyə və hətta daha geniş Avrasiya coğrafiyası üçün də əlavə imkanlar deməkdir.
Bununla belə, normallaşma prosesindən ən çox fayda əldə edəcək tərəf məhz Ermənistan olacaq. Çünki Azərbaycan artıq uzun illərdir regional və qlobal logistik şəbəkələrə inteqrasiya olunub, alternativ marşrutlara, çoxşaxəli iqtisadi əlaqələrə və güclü enerji-nəqliyyat infrastrukturlarına malikdir. Ermənistan isə faktiki olaraq blokada şəraitində yaşayıb və bu durum ölkənin iqtisadi inkişafını, demoqrafik göstəricilərini və ümumi sosial rifahını ciddi şəkildə zəiflədib. Normallaşma Ermənistan üçün yalnız ticarət və tranzit imkanlarının açılması deyil, həm də uzun müddət davam edən siyasi və psixoloji təcriddən çıxış deməkdir.
Nəticə etibarilə, Mirzoyan və Papoyanın açıqlamaları Ermənistanın ideoloji qarşıdurma xəttindən tədricən iqtisadi rasionalizmə keçməyə çalışdığını göstərir. Əgər bu bəyanatlar real siyasi iradə və praktiki addımlarla dəstəklənərsə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionda yeni inkişaf mərhələsinin əsasını qoya bilər. Bu mərhələdə ümumi mənzərə aydındır: Azərbaycan mövcud regional mövqelərini daha da möhkəmləndirir, Ermənistan isə itirdiyi zaman və imkanları kompensasiya etməyə çalışır. Məhz bu səbəbdən, normallaşmanın iqtisadi və strateji dividendlərini daha çox Ermənistanın əldə edəcəyi ehtimalı yüksəkdir.
Hikmət Həsənov