Nazir: 2026-cı il üçün idmanda həm real, həm də maksimal hədəflərimiz var

2026-cı il üçün məqsəd və planlarımız var.
Təhlil.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşü zamanı deyib.
Nazir bildirib ki, hər bir federasiyanın öz hədəfi mövcuddur və Olimpiya oyunları bitən kimi növbəti dövr üçün hazırlıqlara başlanılır: “Bu normal prosesdir və elə də olmalıdır. Artıq federasiyalarla birgə hansı sayda idmançının Olimpiya oyunlarında iştirak edə biləcəyi ilə bağlı ilkin məlumatlar toplanıb və bu istiqamətdə işlər davam etdirilir. Gələcək iclaslarda bu məsələlər yenidən müzakirə olunacaq. Planlar müəyyən mərhələlərə bölünür. Maksimal və real hədəflər var. Yeni ulduz idmançıların ortaya çıxması istənilir və bu istiqamətdə də inam var. Məsələn, bu ay boks üzrə 19 yaşlı idmançımız Sübhan Məmmədov dünya çempionu olub. Yerli idman məktəbinin yetirməsinin sonuncu belə uğuru 10 il əvvəl əldə olunmuşdu. Ümid var ki, bu idmançı Olimpiya oyunlarına lisenziya qazanacaq və uğurlu çıxış edəcək. Təbii ki, təkcə o yox, digər idmançılardan da gözləntilər böyükdür”.