Dəmir yollarında yeni mərhələ: Orta Dəhliz sürət qazanır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların səmərəliliyini artırmaq, darboğazları aradan qaldırmaq və əməliyyatları sürətləndirmək məqsədilə infrastrukturun modernləşdirilməsini davam etdirir.
Təhlil.az xəbər verir ki, qurumun açıqladığı məlumata əsasən, Şimal–Cənub dəhlizinin mühüm hissəsi olan Sumqayıt–Yalama xəttində tikinti-quraşdırma işlərinin 96 faizi tamamlanıb. Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlər 2024-cü ildən başlayıb və 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Hazırda layihələndirmə işlərinin 55%-i, Ələt–Osmanlı hissəsində tikintinin 37%-i icra olunub.
Bununla yanaşı, Bakı–Böyük Kəsik magistral dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan (AC) sisteminin tətbiqi başa çatdırılıb. Bu sistem enerji sərfiyyatını azaldacaq, qatarların hərəkət sürətini və daşınan yük həcmini artıracaq.
ADY həmçinin Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Qazaxıstan və Gürcüstan dəmiryolu rəhbərləri ilə Orta Dəhliz üzrə darboğazların aradan qaldırılmasına dair Yol Xəritəsi imzalayıb. Razılaşma çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat səmərəliliyinin artırılması əsas prioritetlər kimi müəyyən edilib.