Bu gün

Azərbaycanın hərbi sənayesi yeni dövrə daxil olur - TƏHLİL

Müasir dünya tarixi bir daha sübut edir ki, hər bir dövlətin təhlükəsizliyi, müstəqilliyi və milli suverenliyi onun hərbi potensialı ilə sıx bağlıdır. Bu potensialın əsas dayaqlarından biri isə güclü və müasir müdafiə sənayesinin yaradılmasıdır. Sözügedən sənaye yalnız silah və sursat istehsalı ilə məhdudlaşmır, eyni zamanda ölkənin elmi-texnoloji inkişafına, iqtisadi gücünə və beynəlxalq nüfuzuna birbaşa təsir göstərən strateji sahə kimi çıxış edir. Bu mənada Azərbaycanda hərbi sənayenin inkişafının da xüsusi diqqət mərkəzində yer alması tamamilə təbiidir, ölkəmizin elmi əsaslar üzərində tərəqqisini xarakterizə edən mühüm sektorlardan biridir.

Hərb sənayesinin ölkəmizdə yüksəlişini şərtləndirən faktorlara Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı toxunan Prezident İlham Əliyev qeyd edib: “Bu gün bildiyiniz kimi, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara çağırış olub və bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik”.

Xatırlatmaq lazım gəlir ki, Azərbaycanın hərbi sənayesinin əsas inkişaf mərhələsi 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başlandı. Bu qurumun təsis olunması ölkədə müdafiə təyinatlı məhsulların istehsalının sistemli şəkildə təşkilinə, elmi-tədqiqat işlərinin aparılmasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə şərait yaratdı. Qısa müddətdə müxtəlif təyinatlı sursatların, atıcı silahların, döyüş texnikasının ehtiyat hissələrinin və digər müdafiə məhsullarının istehsalı üzrə müəssisələr fəaliyyətə başladı.

Son illərdə Azərbaycan hərbi sənayesində modernləşmə və texnoloji yenilənmə prosesi sürətləndirilib. Yerli müəssisələrdə istehsal olunan silah və texnikalar həm ordunun təminatında, həm də ixrac məqsədilə istifadə olunur. Xüsusən, kiçik çaplı silahlar, mina və qumbara növləri, pilotsuz uçuş aparatları, rabitə sistemləri və zirehli texnikaların modernizasiyası sahəsində mühüm irəliləyişlər əldə edilib. Azərbaycanın hərbi sənaye siyasətinin əsas məqsədlərindən biri xarici asılılığın azaldılması və ordunun daxili imkanlarla təchiz edilməsidir. Bu baxımdan atıln addımlar artıq öz nəticəsini verir. Hərbi sənayenin inkişafında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan Türkiyə, İsrail, Pakistan, Belarus, Cənubi Afrika Respublikası və digər ölkələrlə texnoloji əməkdaşlıq əlaqələri qurub. Xüsusilə, Türkiyə və İsraillə hərbi-texniki tərəfdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub.

Azərbaycanın hərbi sənaye potensialı yalnız istehsalla məhdudlaşmır, həm də elmi-texnoloji yeniliklərə əsaslanır. İndi başlıca məqsədlərdən biri bu prosesdə Azərbaycan alimlərinin daha yaxından iştirakıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin müvafiq çağrışı artıq alimlərimiz qarşısında bu istiqamətdə yeni vəzifələr qoyur. Eyni zamanda prosesdə özəl sektorun iştirakı çoxsaylı əlavə üstünlüklər yaradır. Dünya təcrübəsi də təsdiq edir ki, hərbi sənaye kompleksinin uğurlu inkişafı yalnız dövlət strukturlarının fəaliyyəti ilə məhdudlaşmır. Müdafiə sənayesində dayanıqlı və innovativ inkişaf üçün özəl sektorun fəal iştirakı zəruridir. Çünki özəl şirkətlərin çevik idarəetmə sistemi, innovasiyaya açıq yanaşması və rəqabət mühiti müdafiə sənayesinin effektivliyini artıran əsas amillərdəndir. Azərbaycan da bu tendensiyadan kənarda qalmayaraq, son illərdə hərbi-sənaye kompleksinin inkişafında özəl sektorun rolunun genişləndirilməsi istiqamətində addımlar atıb. Dövlətin bu sahədə məqsədi təkcə müdafiə məhsullarının daxili istehsalını artırmaq deyil, həm də yeni texnologiyaların mənimsənilməsini və ixrac potensialının yüksəldilməsini təmin etməkdir. Eyni zamanda müasir müdafiə sənayesinin inkişafında dövlət-özəl tərəfdaşlığı modeli mühüm yer tutur. Bu modeldə dövlət müdafiə sifarişlərini və strateji istiqamətləri müəyyənləşdirir, özəl şirkətlər isə istehsal və texnoloji innovasiyalar üzrə layihələr həyata keçirirlər. Nəticədə həm dövlətin təhlükəsizlik tələbləri qarşılanır, həm də sahibkarlar üçün iqtisadi fayda yaranır.

Özəl sektorun iştirakının genişlənməsi həm də ölkənin xarici asılılığını azaldan amildir. Xaricdən alınan komponentlərin, sursatların və ehtiyat hissələrinin yerli istehsalı üçün özəl müəssisələrin imkanlarından istifadə edilməsi dövlətin iqtisadi təhlükəsizliyini gücləndirir. Hərbi sənaye sahəsində özəl sektorun fəaliyyəti iqtisadiyyatın şaxələnməsinə, yeni istehsal sahələrinin yaranmasına və regionlarda sənaye potensialının artmasına səbəb olur. Belə müəssisələr təkcə müdafiə məqsədli məhsullar istehsal etmir, həm də mülki bazar üçün uyğunlaşdırılmış texnologiyalar yaradır. Bu isə ümumi iqtisadi artımı dəstəkləyən mühüm faktordur.

Bütün bunlar Azərbaycan hərb sənayesinin qarşıdakı dövr ərzində də uğurla inkişafının davam edəcəyini bir daha təsdiqləyir. Xatırlatmaq lazım gəlir ki, Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi Qələbə də hərbi sənaye kompleksinin inkişafının əhəmiyyətini bir daha sübut etdi. Vətən müharibəsi zamanı yerli istehsal olan hərbi vasitələr döyüş əməliyyatlarının səmərəliliyinə ciddi təsir göstərdi. Bu təcrübə Azərbaycanın öz müdafiə sənayesinə daha çox sərmayə yatırmasına, texnologiyaların lokallaşdırılmasına və yeni nəsil hərbi məhsulların yaradılmasına təkan verdi. Dünyada, o cümlədən Azərbaycanın yer aldığı regionda davam edən gərginliklər müdafiə sənayesinə yüksək diqqətin nə qədər doğru olduğunu bir daha təsdiq edir.

Azərbaycanın qarşıya qoyduğu növbəti hədəflərdən biri eyni zamanda hərbi sənaye məhsullarının ixrac potensialını artırmaqdır. Hazırda bir sıra ölkələrə Azərbaycan müdafiə sənayesinin məhsulları ixrac edilir, “Made in Azerbaijan” markalı müdafiə təyinatlı məhsullar beynəlxalq sərgilərdə təqdim olunur. Bu, həm iqtisadi gəlir gətirir, həm də ölkənin texnoloji nüfuzunu gücləndirir. Dövlətin ardıcıl siyasəti, beynəlxalq tərəfdaşlıq və yerli mütəxəssislərin, o cümlədən alimlərin bilikləri sayəsində Azərbaycan yaxın gələcəkdə regionun ən qabaqcıl müdafiə sənayesi mərkəzlərindən biri kimi statusunu daha da gücləndirəcək.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?