Bu gün

"Fly to Baku. Art Weekend. Sense the Future NOW"un xarici qonaqları layihənin miqyasından heyrətləniblər

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalının tanınmış qonaqları tədbirin təşkilindən və təqdim olunan proqramlardan böyük heyranlıq duyduqlarını bildiriblər.

Təhlil.az xəbər verir ki, dünyaca məşhur italyan rəssam və heykəltəraş Cüzeppe Karta qeyd edib ki, festivalın zəngin proqramı müasir insan üçün həm çox maarifləndirici, həm də aktualdır.

“Ələlxüsus önəmli məqam odur ki, tamaşaçılar kolumbiyalı məşhur rəssam və heykəltəraş Fernando Boteronun əsərləri ilə tanış ola bilirlər – burada 100-dən çox unikal incəsənət nümunəsi nümayiş olunur. Festival ən yüksək səviyyədə təşkil edilib və onun çərçivəsində iki gün ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında mənim ustad dərslərim keçirilir”, – deyə rəssam vurğulayıb.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində Cüzeppe Kartanın “Təbiətin hədiyyələri” (“Gifts of Nature”) adlı fərdi sərgisi keçirilir. Sərgidə meyvə və tərəvəzlərin iri heykəlləri nümayiş olunur. Bu əsərlərin bəziləri müəllif tərəfindən məhz Heydər Əliyev Mərkəzindəki sərgi üçün xüsusi olaraq hazırlanıb və ilk dəfə olaraq Bakı ictimaiyyətinə təqdim edilir.

Almaniyanın Volfsburq İncəsənət Muzeyinin icraçı direktoru Otmar Böhmer bildirib ki, festival çərçivəsində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan rəssamların çoxsaylı maraqlı və orijinal əsərlərini görüb.

“Onların hər biri ayrı-ayrılıqda özünəməxsus şəkildə milli ənənələri, müəllifin daxili dünyasını və müasir incəsənət baxışını əks etdirir. Azərbaycanlı sənətkarlarla tanış olmaq mənim üçün xüsusilə xoş oldu – onların əsərləri dərinlik, forma və rəng duyumu, eləcə də fəlsəfi baxışla zəngindir. Biz həmkarlarla birlikdə Bakı və Azərbaycan incəsənətinə, mədəniyyətlərarası dialoqa və yeni bədii axınlara böyük maraq göstəririk. Mən ilk dəfə buradayam, amma bu səfər məndə çox isti təəssürat yaratdı. Ümidvaram bu canlı və ilhamverici incəsənət dünyasına yenidən qayıtmaq fürsətim olacaq”, – deyə o bildirib.

ABŞ-dən olan yazıçı Manuel Xesus de Atoça İris Errera da ilk dəfə Bakıya gəlib və öz dərin təəssüratını bölüşüb:

“Mən ingilis və ispan dillərində yazıram və artıq burada çoxlu gözəllik, mədəniyyət və ilham gördüm. Bu şəhərin necə canlı olduğunu, ölkənin necə incəsənətlə nəfəs aldığını hiss etmək mümkündür. Festival həm möhtəşəm, həm də genişmiqyaslıdır! Burada yaradıcı atmosfer doğrudan da heyrətamizdir və bu hadisənin bir parçası olmaq fürsətinə görə minnətdaram. Ümid edirəm ki, burada digər sənətkarlarla və ümumilikdə tamaşaçılarla yaradıcı birliyə nail olacağam”, – deyə yazıçı vurğulayıb.

Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıda incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm “Bakıya uçuş. İncəsənət Həftəsi: Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Trend

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?