Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim olundu - VİDEO

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” sənədli filminin təqdimatı keçirilib.
Təhlil.az xəbər verir ki, film 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərini, eləcə də, keçmiş məcburi köçkünlərin böyük qayıdış sevincini insan hekayələri fonunda əks etdirir.
Ekran əsəri “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.
Təqdimat mərasimində çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev bildirib ki, “Yaradan” filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini göstərir.
“Filmdə izləyəcəyiniz insanların əksəriyyəti yaradıcı şəxslərdir. Biz onların taleləri və düşüncələri vasitəsilə işğaldan əvvəlki dövrü, işğal illərini və azadlıqdan sonrakı bərpa mərhələsini təqdim edirik”, – deyə Ayaz Mirzəyev vurğulayıb. Daha sonra qonaqlar sənədli filmi izləyiblər.