Bu gün

Siyasi şərhçi: “Azərbaycanın tranzit qərarı Cənubi Qafqazda sülhün yolunu açır” - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatı çox mühüm və irəliləyici addımdır. 

Bu fikirləri tehlil.az saytına açıqlamasında siyasi şərhçi Murad Sadəddinov bildirib.

O bildirib ki, bu addım zaman keçdikcə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesində tarixi hadisə kimi qiymətləndiriləcək:

“Bu qərar həm xalqlarımızın, həm də dövlətlərimizin Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışa hazırlanması baxımından tarixi əhəmiyyət daşıyır. Məlumdur ki, onilliklər ərzində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal altında saxlayırdı. Belə bir şəraitdə Azərbaycan öz ərazisindən Ermənistana hər hansı yükün tranzitinə icazə vermirdi. Amma bütün bunlar artıq keçmişdə qaldı”. 

Siyasi şərhçi xatırladıb ki, hazırda Azərbaycan və Ermənistan arasında intensiv danışıqlar prosesi gedir:

“Bu istiqamətdə ən ciddi irəliləyiş ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanan Bəyanat oldu. Eləcə də sülh sazişinin paraflanmış mətninin Vaşinqtonda imzalanması, kommunikasiya xətlərinin açılması barədə açıqlamalar, o cümlədən "Tramp marşrutu" adlandırılan Zəngəzur dəhlizinin reallaşdırılması qərarı bu prosesin əsas mərhələsini təşkil edir. ABŞ və şəxsən Donald Tramp bu marşrutun həyata keçirilməsinin zəmanətçiləri kimi çıxış edirlər”.

Onun sözlərinə görə, baxmayaraq ki, bu gün Bakı və İrəvan sülh sazişinin imzalanması istiqamətində irəliləyir, Ermənistanda hələ də revanşist meyilli qüvvələr mövcuddur:

“Onlar bunu gizlətmirlər. Mətbuat konfransları keçirir, bəyanatlar verirlər, hakimiyyəti ələ keçirməyə çalışırlar və sülh prosesini pozmaqda maraqlıdırlar. Eyni zamanda, xarici güclər də bu qüvvələri dəstəkləyərək Ermənistan rəhbərliyinə təzyiq göstərməyə cəhd edirlər.
Məhz bu səbəbdən Azərbaycanın atdığı belə addımlar Ermənistandakı sülhpərvər qüvvələrə dəstək, eyni zamanda revanşistlərə qarşı ciddi zərbə kimi qiymətləndirilməlidir”.

Politoloq əlavə edib ki, bu qərar Bakı ilə İrəvan arasında tamhüquqlu sülh müqaviləsinin imzalanmasına şərait yaradacaq:

“Bu addım Cənubi Qafqazda xalqlarımızın sülh və qarşılıqlı etimad şəraitində birgəyaşayışına yol açacaq. Biz artıq müharibədən yorulmuşuq — həm Azərbaycan xalqı, həm də erməni xalqı. İndi vaxtdır ki, Cənubi Qafqazda müharibə yox, iqtisadi inkişaf və rifah naminə sülh proseslərinə diqqət yönəldək”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?