Bu gün

Prezident İlham Əliyevin regionlara səfəri - İqtisadi inkişafın göstəricisi - ŞƏRH

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Dövlət başçısının mütəmadi hal alan region səfərləri əslində quruculuğun və iqtisadi inkişafın göstəricisi sayılır. Bu, cənab Prezidentin Azərbaycanın bütün rayon və bölgələrinə xüsusi diqqətlə yanaşmasından, inkişafın bərabər paylaşımı üçün bir sıra layihələrin həyata keçirilməsinə tapşırıq verməsindən qaynaqlanır. Elə oktyabrın 28-də reallaşan səfər də bir sıra açılışlarla yadda qaldı. İlham Əliyev səfər çərçivəsində Sabirabad Sənaye Məhəlləsində “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Sonra dövlət başçısı burada “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin, “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun, “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Bu, göstərir ki, dövlət başçısı açılan müəssisələrini daim diqqətdə saxlayır və səfərləri çərçivəsində onların fəaliyyəti ilə maraqlanır, istehsal gücü, iqtisadi imkanları barədə məlumat əldə edir. Bu, dövlət başçısının regionların iqtisadi inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmasından xəbər verir. Çünki Azərbaycanın bölgələrində açılan istehsal müəssisələri, fabrik və zavodlar ərazidə məşğulluğu artırmaqla yanaşı, yerli sakinlərin rifah səviyyəsinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, bu müəssisələr ixrac yönümlü mal istehsalı ilə iqtisadi inkişafa təkan vermiş sayılır.

Prezident İlham Əliyev İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında da iştirak edib. Müəssisə həm yeni iş yeri imkanlarının yaranması, həm də Azərbaycanın ixrac potensialının artımı ilə müşayiət olunur.

Ölkə başçısının işğaldan azad edilən torpaqlara xüsusi diqqət və qayğısını bu dəfə də müşahidə etdik. Məsələn, Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev rayonun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Bu, regionun elektrik enerjisi təminatının yaxşılaşdırılmasına, Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsinə xidmət edir. Çünki Azərbaycan artıq dünyada yaşıl enerji ixrac edən ölkə kimi tanınır. Dəfələrlə də bəyan edildiyi kimi, yaşıl enerji istehsalında Qarabağ və Şərqi Zəngəzur regionu ön planda olacaq. Bu istiqamətdə atılan addımlardan biri də məhz Cəbrayılda açılışı olan elektrik stansiyalarıdır.

Bundan əlavə, dövlət başçısı işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində köçürülən sakinlərlə görüşüb, mənzillərin açarlarını təqdim edib. Bu, dövlət başçısının işğaldan azad edilən regionların inkişafına, bərpa və quruculuq məsələlərinə həssas yanaşmasını göstərir.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?