Bu gün

“Növbədənkənar seçkilər Paşinyanın sülh prosesini qorumaq üçün taktiki addımıdır” - RƏY

"Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək istəyi ölkədə genişmiqyaslı iğtişaşların qarşısını almaq məqsədi daşıya bilər".

Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycanın Kanada və Çexiyadakı keçmiş səfiri Fərid Şəfiyev deyib. 

Onun fikrincə, seçkilərin vaxtının irəli çəkilməsi üçüncü tərəflərin prosesə müdaxilə imkanlarını məhdudlaşdıra bilər:

“Əgər seçkilər erkən keçirilsə, müəyyən xarici qüvvələrin seçki prosesinə təsir imkanları azalacaq. Çünki səkkiz ay ərzində bir çox mənfi hadisələr baş verə bilər. Hazırkı ictimai rəy sorğularına baxdıqda, Paşinyanın hələ də müəyyən ictimai dəstəyi var. Ona görə seçkiləri daha tez keçirmək, gecikdirməkdən daha məqsədəuyğundur. Amma, əlbəttə, Paşinyanın buna gedib-getməyəcəyini proqnozlaşdırmaq çətindir”.

Diplomatın sözlərinə görə, hazırda Ermənistanda əsl siyasi drama yaşanır:

“Seçkilər gələn ilə planlaşdırılıb, amma qarşıdurma artıq indidən başlayıb. Paşinyana qarşı çıxan üç əsas qüvvə var ki, bunlar müxalifət, kilsə və diaspordur. Düzdür, mən bütün diasporu nəzərdə tutmuram, onun müəyyən bir hissəsini deyirəm. Əgər müxalifətin nüfuzu azalıbsa və onlar Samvel Karapetyan kimi yeni fiqurlar axtarırsa, kilsə isə kifayət qədər güclü qüvvə olaraq qalır”.

Diplomat söyləyib ki, erməni diasporunun müəyyən təsir rıçaqları mövcud olsa da, Ermənistan hökuməti bu təsiri minimuma endirməyə çalışır:

“Ermənistanın seçki sistemində digər ölkələrdən fərqli olaraq, xaricdə yaşayan vətəndaşlar səfirliklərdə səs verə bilmirlər. Yalnız diplomatik korpus üzvləri səs verə bilər. Sadə vətəndaşlar səs vermək üçün Ermənistana qayıtmalıdır. Bu, diasporun seçkilərə təsirini azaltmaq məqsədi daşıyır. Çünki Ermənistan əhalisinin və diasporun siyasi üstünlükləri arasında fərq var. Məsələn, diasporun əsas təşkilatlarından biri olan "Daşnaksütyun" partiyası xaricdə böyük nüfuza malik olsa da, Ermənistanda parlamentdə cəmi 4% səs toplayır. Bu da onun real təsir imkanlarının ölkə daxilində az olduğunu göstərir”.

F. Şəfiyev qeyd edib ki, diaspor, kilsə və müxalifət üçlüyü Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesinə qarşı çıxan əsas qüvvələrdir:

“Bu qüvvələr Paşinyanın sülh gündəminə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Həm müxalifət, həm də xüsusilə kilsə, Cənubi Qafqazda sülh prosesi istəməyən üçüncü tərəflərlə əlaqəlidirlər”.

O hesab edir ki, Paşinyan hökuməti bu qüvvələrin təsirini məhdudlaşdırmaq üçün inzibati və hüquq-mühafizə resurslarından istifadə edir:

“Paşinyan hökuməti radikal qüvvələrin fəallaşmasının qarşısını almaq üçün dövlət aparatının imkanlarından yararlanır. Qərb isə, adətən "demokratik seçkilər"dən danışsa da, bu məsələyə göz yumur. Amma əgər Paşinyan bunu sülhü qorumaq və xarici müdaxiləni önləmək məqsədilə edirsə, bu addımlar anlaşılandır”.

Mərkəz sədri yekun olaraq vurğulayıb ki, Paşinyanın addımları radikal qüvvələrin hakimiyyətə gəlməsinin və sülh prosesini pozmasının qarşısını almağa yönəlib:

“Ümumilikdə, mən bu addımların məqsədəuyğun olduğunu düşünürəm. Çünki onların əsas hədəfi Ermənistanda radikal elementlərin hakimiyyətə gəlişini əngəlləmək və sülh prosesinin pozulmasının qarşısını almaqdır”. 

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?