Bu gün

Azərbaycan və Rusiya mədəni diplomatiyada yeni səhifə açır - TƏHLİL

Rusiya ilə Azərbaycan arasında məlum təyyarə qəzası ilə bağlı yaranmış gərginlik artıq aradan qalxır və münasibətlər yenidən əməkdaşlıq müstəvisinə qayıdır. Bu dönüşün əsas səbəbi Tacikistanın paytaxtı Düşənbədə Prezident İlham Əliyevlə Vladimir Putin arasında keçirilən təkbətək görüş və aparılan müzakirələrdir.

Görüş zamanı Rusiya ötən ilin dekabrında Qroznı səmasında “AZAL”a məxsus təyyarənin hərbi hava qüvvələri tərəfindən vurulduğunu etiraf edib və Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Prezident Putin hadisənin Rusiya səmasında baş verdiyini və buna görə üzr istədiyini xatırladıb. O, faciənin iki səbəbini göstərib: Ukrayna dronlarının sərhədi keçməsi və hava hücumundan müdafiə sistemində texniki nasazlıq.

Rusiya tərəfi məsul şəxslərin cəzalandırılacağını və təzminat ödəniləcəyini bildirib. Bu mövqenin nümayişi Azərbaycan–Rusiya münasibətlərinin yenidən normallaşmasına, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın bərpasına təkan verib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, iki ölkə arasında mədəni əlaqələrin bərpasına mane olacaq heç bir ciddi səbəb yoxdur. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanı ortaq tarix və mənəvi dəyərlər birləşdirir və bu, mədəniyyət sahəsində əməkdaşlığın əsas təminatıdır.

Rusiyalı ekspert Konstantin Tasits də hesab edir ki, strateji tərəfdaşlıq münasibətlərinin tam bərpası üçün humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, iyun ayının sonunadək humanitar əlaqələrin tam bərpasına nail olmaq məqsədəuyğundur.

Azərbaycan tərəfi də mədəni dialoqun bərpasında heç bir maneə görmür. Müstəqillikdən sonra Azərbaycan və Rusiya mədəni əlaqələri qorumaqla yanaşı, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdiriblər. Müxtəlif sazişlər imzalanıb, qarşılıqlı mədəniyyət günləri, sərgilər, festivallar və konfranslar keçirilib.

Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərdə keçirilən Azərbaycan mədəniyyəti günləri rus ictimaiyyətinə ölkəmizin zəngin irsini tanıdıb. Bakıda isə Rusiya mədəniyyəti günləri, teatr və musiqi kollektivlərinin çıxışları mədəniyyətlərarası dialoqu davamlı edib.

Bu əməkdaşlıq yalnız incəsənət sahəsini deyil, təhsil, media, kino və rəqəmsal mədəniyyət kimi yeni istiqamətləri də əhatə edir. Azərbaycanda fəaliyyət göstərən Rusiya universitetlərinin filialları, xüsusilə MDU və Seçenov Tibb Universitetinin Bakı filialları, elmi və mədəni mübadiləni gücləndirir.

Azərbaycanın çoxmədəniyyətlilik və tolerantlıq siyasəti bu dialoqun əsasını təşkil edir. Bakıda fəaliyyət göstərən Rus Dram Teatrı, rusdilli məktəblər və mədəniyyət mərkəzləri rus dilinin və mədəniyyətinin qorunmasına şərait yaradır. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlı diaspor da iki xalq arasında mənəvi körpü rolunu oynayır.

Rusiya və Azərbaycan arasında mədəni diplomatiya Qafqaz regionunda sabitlik və qarşılıqlı anlaşma üçün mühüm amildir. “AZAL” təyyarə hadisəsindən sonra baş verənlər bir daha göstərdi ki, mədəni əməkdaşlıq siyasi gərginlikləri yumşaltmaq və qarşılıqlı etimadı bərpa etmək üçün ən təsirli vasitələrdən biridir.

Azərbaycan bu istiqamətdə atdığı addımlarla mədəni əlaqələrin bərpasında maraqlı tərəf olduğunu və regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə töhfə verdiyini nümayiş etdirir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?