Bu gün

Tranzit diplomatiyası: Bakı sülhü iqtisadi reallığa çevirir - TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq Ermənistanla münasibətlərdə də yeni bir mərhələnin başlanması ilə müşayiət olunur. Bu mərhələnin əsas təşəbbüskarı yenə də Azərbaycandır. Hadisələrin inkişaf istiqamətini regionun lider dövləti kimi məhz ölkəmiz müəyyənləşdirir. Ermənistan da artıq bu reallıqla barışıb. Çünki Azərbaycanın mövqeyi sülhə, sabitliyə və əməkdaşlığa əsaslanır. İrəvan görür ki, Azərbaycanla əməkdaşlıq bu ölkəyə çoxsaylı dividendlər vəd edir, inkişaf perspektivləri açır, illərdir uzaq qaldığı regional layihələrə qoşulmaq imkanı yaradır. Bundan başqa, əlverişli marşrutlar vasitəsilə dünya bazarlarına çıxış, idxal-ixrac üçün yeni fürsətlər formalaşır.

Artıq məlumdur ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyev bu barədə cari ilin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı həmkarı Kasım-Jomart Tokayevlə birgə bəyanatında bildirib ki, “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da mövcud olduğunun göstəricisidir.”

Bu addım Ermənistanda müsbət qarşılanıb. Baş nazir Nikol Paşinyan V Tiflis İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin bəyanatına istinad edərək, qərarın ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bir neçə ay əvvəl Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınmasını təsəvvür etmək mümkün deyildi. İndi isə tamam fərqli mənzərə yaranıb. Kommunikasiyaların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək.

Bu arada məlum olub ki, Azərbaycan ərazisindən Rusiya məhsullarının Ermənistana daxil olmasına da icazə verilib. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Azərbaycan tərəfi bu məqsədlə dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. “Rusiya Dəmir Yolları” şirkəti və regional tərəfdaşlar hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər. Overçukun sözlərinə görə, bu istiqamətdə artıq “çox maraqlı irəliləyişlər” əldə olunub və yeni logistika marşrutu hazırlanır.

Hazırda Rusiyadan Ermənistana ixrac əsasən Gürcüstan üzərindən həyata keçirilir. Lakin Yuxarı Lars keçid məntəqəsində hava şəraitindən asılı olaraq tez-tez problemlər yaranır, bu da ticarətin fasiləsizliyini çətinləşdirir. Halbuki Rusiya Ermənistan iqtisadiyyatının başlıca ticarət tərəfdaşıdır və kənd təsərrüfatı, enerji, metallurgiya, kimya və yüngül sənaye də daxil olmaqla geniş məhsul çeşidi təmin edir. Azərbaycan üzərindən yeni tranzit marşrutun açılması isə bu prosesi həm daha sabit, həm də iqtisadi cəhətdən sərfəli edəcək.

Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistikası olan ümumi əmtəə bazarının formalaşdırılması istiqamətində işi fəallaşdırıblar. Bu məqsədlə yaxın günlərdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyətləri Astara şəhərində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastruktur obyektlərinə baxış keçiriblər. Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının illik yükaşırma gücünün 1 milyon tondan 5 milyon tona qədər artırılması nəzərdə tutulur.

Nikol Paşinyan etiraf edib ki, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması sayəsində Ermənistan iqtisadi blokadadan çıxmaq imkanı qazanacaq. Onun sözlərinə görə, bu qərar yaxın zamanda Ermənistan iqtisadiyyatının strukturunda mühüm dəyişikliklərə gətirib çıxaracaq. Perspektivdə Zəngəzur dəhlizinin açılması da Ermənistana əlavə üstünlüklər qazandıracaq. Bu marşrut həm Azərbaycan, həm də Ermənistan üçün tranzit imkanlarını genişləndirəcək. İndi əsas məsələ İrəvanın öz ərazisində müvafiq infrastrukturun qurulmasını sürətləndirməsidir.

Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimad siyasətinin real nəticəsidir. Bu təşəbbüs Cənubi Qafqazda sabitliyi möhkəmləndirməklə yanaşı, bütün region üçün iqtisadi inteqrasiyanın və rifahın əsasını qoyur.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?