Bu gün

Masazır dairəsindən Bakı istiqamətinə yeni avtobus zolağı təşkil edilib

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Masazır dairəsindən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.

Təhlil.az xəbər verir ki, AYNA-nın məlumatına görə, yeni zolaq artıq öz effektivliyini sübut etmiş Bakı–Sumqayıt şosesindəki avtobus zolağına birləşdirilib. Bu sayədə paytaxt istiqamətində hərəkət edən avtobuslar sərnişinləri əlavə vaxt itkisi olmadan daşıya bilir.

Hazırda bu zolaqla 10 marşrut xətti üzrə 130 avtobus ümumilikdə 650 dəfə hərəkət edir. Gün ərzində bu avtobuslardan 40 minə yaxın sərnişin istifadə edir.

Eyni zamanda, Tbilisi prospektində mövcud xüsusi hərəkət zolağının əhatə dairəsi genişləndirilib və əlaqəlilik təmin olunub. Prospektin “20 Yanvar” dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində də avtobus zolağı yaradılıb, bu da sıxlığın azalmasına imkan verib.

AYNA vətəndaşlara ictimai nəqliyyatın rahat və təhlükəsiz hərəkətini təmin edən bu zolaqlardan düzgün istifadə etməyi və yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?