Namiq Əliyev: “Azərbaycanda əsir və girov yoxdur, yalnız hərbi cinayətkarlar var” - AÇIQLAMA

Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycanda “saxlanılan şəxslər”in olması barədə bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Bu fikirləri təhlil.az saytına Azərbaycanın Moldovadakı və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev açıqlamasında deyib.
O bildirib ki, bu kimi bəyanatlar sülh prosesinə xidmət etmir, əksinə, ona mane olur və beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək məqsədi daşıyır:
"Birincisi, Azərbaycanda guya saxlanılan şəxslər, əsirlər və ya girovlar yoxdur. Girovları ermənilər götürürdülər, onlar bizim torpaqlarımızı işğal edəndə bu addımlara əl atırdılar. Məhz onlar dinc sakinləri öldürüb cəsədlərini satırdılar. Bəli, sözün əsl mənasında satırdılar. Azərbaycanlılar isə həmin cəsədləri pulla geri alırdılar. Bütün bunlar olub. Bu əməlləri ermənilər törədiblər,” – deyə professor vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan heç kimi saxlamır və özündə heç bir girov tutmur: “Hazırda Azərbaycanda gedən proses hərbi cinayətlər törətmiş şəxslərə qarşı məhkəmə araşdırmasıdır. Onlar əsir deyil. Bizdə belə anlayış yoxdur. Beynəlxalq humanitar hüquqa əsasən "hərbi əsir" anlayışı mövcuddur. Döyüş əməliyyatları zamanı əsir düşən bütün şəxslər "sıfır variantı" prinsipi ilə qarşılıqlı qaydada dəyişdirilib”.
Professor qeyd edib ki, Bakı bütün həmin şəxsləri Ermənistan tərəfinə qaytarıb:
“Bu gün məhkəmə qarşısında duran şəxslər isə hərbi cinayətkarlardır. Onlar müharibə dövründə, eləcə də hərbi əməliyyatlar bitdikdən sonra cinayətlər törədiblər. Onlar məhz bu cinayətlərə görə saxlanılıb. Yəni, onlar hərbi əsir deyil, hərbi cinayətkardırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həbs ediliblər, istintaqa cəlb olunublar və hazırda məhkəmə qarşısındadırlar. Əgər məhkəmədə onların günahsızlığı sübut olunarsa, o zaman bəraət alacaq, azadlığa buraxılacaq və Ermənistana qaytarılacaqlar. Əgər günahkar olduqları sübut edilərsə, o zaman müvafiq cəza alacaqlar".
Professorun sözlərinə görə, beynəlxalq səviyyədə də Bakıda məhkəmə qarşısında duran bu şəxslərin “günahsız” olması barədə iddialar ciddi qəbul edilmir: “Bu söhbətlərin hamısı yetərincə ciddiyyətsizdir. Artıq beynəlxalq miqyasda da bu cür iddiaları heç kim ciddi qəbul etmir. Hər kəs çox yaxşı bilir ki, hazırda konkret cinayətkarlar mühakimə olunur və bu, haqlı prosesdir. Beynəlxalq mətbuata baxsaq, görərik ki, heç kim onların müdafiəsinə qalxmır. Buna görə də vaxtilə Avropa Parlamenti tərəfindən qəbul edilən bəzi qətnamələr nə beynəlxalq hüquqa, nə də real faktlara əsaslanırdı, həqiqəti təhrif edirdi. Bu sənədləri erməni diasporu hazırlayır, Avropa Parlamenti isə qəbul edirdi. Amma bu qətnamələrdən heç bir fayda olmadı. Onlar yalnız münasibətləri gərginləşdirdi və sülh prosesini çətinləşdirdi”.
Namiq Əliyev əlavə edib ki, Ermənistandakı revanşist dairələrin tələbi ilə bu hərbi cinayətkarların azadlığa buraxılması mümkün deyil:
“Məhkəmə prosesi davam edir. Proses başa çatdıqda hər şey aydın olacaq, kim günahkardır, kim deyil. Günahsızlar bəraət alacaq və azad ediləcək, günahkarlar isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun şəkildə cəzalandırılacaq. Bu, bütün dünyada qəbul olunmuş məhkəmə praktikasına əsaslanan hüquqi prosesdir".
Rasim Babayev