Bakıda yeniyetmənin bağırsağından taxta çıxdı

Bakıda nadir və təhlükəli tibbi hadisə baş verib.
Təhlil.az xəbər verir ki, 2008-ci il təvəllüdlü yeniyetmə 14 oktyabr 2025-ci ildə qarın ağrısı, ürəkbulanma, təkrarlanan qusma və yüksək hərarət şikayətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, müayinələr nəticəsində xəstəyə “peritonit” diaqnozu qoyulub və dərhal təcili əməliyyat qərarı verilib.
Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və cərrah Günay Əmrahlı tərəfindən aparılan əməliyyat zamanı nazik bağırsağın bir hissəsi kəsilərək (rezeksiya), yoğun bağırsaqdakı dəliklər tikilib.
Həkimlər bağırsaq mənfəzində iti və sərt bir taxta parçası tapıblar. Bundan əlavə, bütün nazik bağırsaq boyunca müxtəlif ölçülü, iti uclu yad cisimlər də müəyyən olunub.
Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində yeniyetmənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
Həkimlər bildiriblər ki, bu cür hadisələr xüsusilə uşaqlarda və yeniyetmələrdə diqqətsizlik nəticəsində baş verir və belə hallarda vaxtında tibbi yardım göstərilməsə, nəticə ölümlə belə yekunlana bilər.