Yanacaqdoldurma və qaz obyektləri üçün yeni lisenziya qaydaları təsdiqləndi

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti üzrə lisenziya müqaviləsinin forması və bağlanma qaydasını təsdiqləyib.
Təhlil.az xəbər verir ki, yeni qaydalar “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsaslanır və bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin lisenziya alma və müqavilə bağlama prosedurunu tənzimləyir.
Əsas məqamlar:
Lisenziya müqaviləsi İqtisadiyyat Nazirliyi ilə lisenziya sahibi arasında lisenziya verildiyi tarixdən 30 gün ərzində bağlanmalıdır.
Müqavilə yazılı formada və müddətsiz imzalanır.
Lisenziya sahibi sənədlərlə yanaşı, iki nüsxədə imzalanmış və möhürlənmiş müqaviləni Nazirliyə təqdim etməlidir.
Nazirlik müqaviləni imzalayaraq 30 gün ərzində lisenziya sahibinə təqdim edir.
Qanunda göstərilən hallar istisna olmaqla, tərəflər müqavilənin imzalanmasından imtina edə bilməzlər.
Əgər müqavilə 30 gün müddətində bağlanmazsa, lisenziya hüquqi qüvvə daşımır.
Müqavilə yalnız “Mülki Məcəllə” və “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilə bilər.
Qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 21-də Dövlət Reyestrinə daxil edilib və oktyabrın 22-dən qüvvəyə minib.
Bu dəyişiklik yanacaq və qaz təchizatı obyektlərinin fəaliyyətində şəffaflıq və hüquqi məsuliyyətin artırılmasına xidmət edir.