Rasim Musabəyov: “Ermənistan real addımlar atdığı üçün Bakı tranziti açdı” - AÇIQLAMA

Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması müsbət siqnallara verilən cavabdır. Bunu təhlil.az saytına Milli Məclisinin deputatı, siyasi analitik Rasim Musabəyov açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirməsi, əslində, Bakının İrəvandan gələn müsbət siqnallara cavabıdır.
Onun sözlərinə görə, Ermənistan artıq Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Meğri istiqamətində kommunikasiya xətlərinin bərpası üçün praktik addımlar atmağa başlayıb.
Deputat vurğulayıb ki, Azərbaycan əvvəllər müəyyən dövrlərdə də Ermənistan istiqamətinə yüklərin tranzitinə icazə verib:
“1998-ci ilə qədər yüklər Azərbaycan ərazisindən Gürcüstana, oradan isə Ermənistana yönləndirilirdi. Bu yüklər əsasən yanacaq və taxıl idi. Lakin Robert Köçəryan həddindən artıq təkəbbürlü və aqressiv davranmağa başlayanda, Bakı buna qadağa qoydu. Gürcüstan hökumətinə də bildirildi ki, əgər bu yüklərin Ermənistana yönləndirilməsi davam edərsə, Gürcüstanın özü ciddi çətinliklərlə üzləşəcək. Beləliklə, həmin dövrdə biz bu cür yönləndirmələrin qarşısını tamamilə aldıq”.
Ekspert xatırladıb ki, Ermənistan hazırda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə biləcək yolun bərpası istiqamətində praktik addımlar atmağa başlayıb:
“Bu səbəbdən Azərbaycan müəyyən yüklərin öz ərazisindən Ermənistana daşınmasına icazə verib. Amma əgər erməni tərəfi yenidən yanlış davranarsa, Bakı istənilən vaxt əvvəlki qadağaları bərpa edə bilər”.
R. Musabəyov həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin Konstitusiyasını dəyişdirmək niyyətində olmadıqları barədə açıqlamasına da münasibət bildirib.
“Ararat Mirzoyandan fərqli olaraq, Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Konstitusiyası və Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişinin ratifikasiyasına mane olmayacaq. Üstəlik, o qeyd edib ki, əgər belə bir maneə aşkarlansa, özü Konstitusiyaya müvafiq dəyişikliklərin təşəbbüskarı olacaq. Bu baxımdan Paşinyan Mirzoyandan daha ardıcıl və prinsipial mövqe sərgiləyir”, – deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti bu məsələdə müəyyən çətinliklərlə üzləşir.
“Aydındır ki, erməni siyasətçiləri üçün seçiciləri və ictimaiyyəti qarşısında çıxış edib, Konstitusiyanı Azərbaycanın tələbi ilə dəyişmək təklifi ilə çıxış etmək asan deyil.
Lakin Paşinyan partiyasında aparılan müzakirələr zamanı bildirib ki, yeni Konstitusiya qəbul olunacaq. Yəni Paşinyan və onun hökuməti Konstitusiyanı Azərbaycanın təzyiqi altında dəyişmək deyil, yeni Konstitusiya qəbul etmək niyyətindədir. Bizim üçün isə fərqi yoxdur. Əsas məsələ odur ki, Ermənistanın qanunvericilik bazası, o cümlədən Konstitusiyası Azərbaycana qarşı ərazi iddialarından tam təmizlənsin”.
Rasim Babayev