Beynəlxalq səyyahlardan ibarət növbəti qrup Qarabağda

Bu gün ETIC ("Extreme Traveler International Congress") klubuna üzv beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.
Təhlil.az xəbər verir ki, qrupa 8 ölkədən: ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyahətçilər daxildir.
Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır. Səfərdə məqsəd işğaldan azad edilmiş ərazilərin populyarlaşdırılması, aparılan genişmiqyaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olmaqdır.
Qısa müddət ərzində viran qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində altı şəhər, iki qəsəbə, 20 kənd salınıb. Hazırda 60 minə yaxın insan öz evlərinə qayıdıb.
Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir. Odur ki, 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.