“Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarların intervalı 5 dəqiqə azaldıldı

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə daha bir sahədə qatarların hərəkət intervalı azaldılıb. Belə ki, “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Təhlil.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
Qeyd edək ki, qatar hərəkətinin təhlükəsizliyini təmin edən sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail olunub.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin davamlı şəkildə həyata keçirilməsi bundan sonra da diqqət mərkəzindədir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.