Bu gün

Rizvan Hüseynov: “Rusiya artıq nə Bakını, nə də İrəvanı əvvəlki kimi idarə edə bilər” - RƏY

Azərbaycan və Rusiya arasında münasibətlər artıq əvvəlki səviyyədə davam etməyəcək.

Bu fikri təhlil.az saytına Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov açıqlamasında deyib.

O bildirib ki, Bakı ilə Moskva arasında gərginliyin pik nöqtəsi artıq arxada qalsa da, münasibətlərin əvvəlki etimada əsaslanan xarakteri bərpa olunmayacaq:

“İki ölkə arasındakı münasibətlər əsasən liderlər arasında yaranmış etimad üzərində qurulmuşdu. Azərbaycan Rusiyanın maraqlarını çox hallarda anlayırdı, Moskva da buna cavab olaraq müəyyən güzəştlər edirdi. Lakin bundan sonra belə xüsusi güzəştlər gözlənilmir”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə münasibətləri normallaşdırmaq üçün maksimum səy göstərib:

“Rusiya üçün "Şimal-Cənub" layihəsinin reallaşması həyati əhəmiyyət daşıyır. Bu, Moskvanın sanksiyaları dolanaraq öz məhsullarını Qlobal Cənuba, o cümlədən Fars körfəzi və Qırmızı dəniz istiqamətinə çıxara biləcəyi yeganə marşrutdur. Çünki Avropa istiqaməti artıq bağlanıb. Layihənin tam reallaşması üçün isə Azərbaycanın razılığı vacibdir”.

Tarixçi əlavə edib ki, Rusiya bu layihə üzrə İranla danışıqlar aparsa da, əsas logistik xətt məhz Azərbaycanın ərazisindən keçir:

“Bu səbəbdən Bakı-Moskva münasibətləri bundan sonra yalnız qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq formatında inkişaf edəcək, artıq xüsusi siyasi yaxınlıqdan söhbət gedə bilməz”.

Ekspert Ermənistan məsələsinə də toxunaraq bildirib ki, Rusiya artıq İrəvana təsir imkanlarını itirməkdədir:

“Son 5-6 ildə Ermənistan, iqtisadi asılılıq qalmasına baxmayaraq, siyasi baxımdan Rusiyadan getdikcə uzaqlaşıb. İrəvanın qərarları artıq Kremlə sərf etmir. Moskva 44 günlük müharibədən sonra Paşinyanı devirmək niyyətindəydi, lakin buna nail ola bilmədi. Keçmiş prezidentlər Köçəryan və Sarkisyan da siyasi baxımdan bitmiş fiqurlardır və erməni xalqı tərəfindən qəbul olunmur”.

R.Hüseynovun fikrincə, Rusiya Paşinyana təsir göstərmək üçün erməni kilsəsindən və iş adamlarından istifadə etməyə cəhd etsə də, bu da nəticə verməyib:

“Paşinyan həm kilsəni, həm də Moskva yönümlü oliqarxları neytrallaşdırıb. Samvel Karapetyan kimi nüfuzlu şəxslər ya həbs edilib, ya da ölkəni tərk ediblər. Nəticədə Rusiyanın Ermənistanda heç bir siyasi və iqtisadi ‘aktiv’i qalmayıb.”

Ekspert həmçinin Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib:

“Ermənistan Konstitusiyasına dəyişikliklər etməyə məcbur olacaq. Bu, ilk növbədə, onun öz dövlət maraqlarına uyğundur. Əks halda ölkə regional qarşıdurmaların mərkəzinə çevriləcək. Hərbi və kəşfiyyat baxımından İrəvan bu gün müxtəlif qüvvələrin təsiri altındadır — rus, amerikalı, avropalı və hətta iranlı təlimatçılar oradadır. Bu isə ölkəni "siyasi minaya" çevirir”.

Tarixçi sonda bildirib ki, Zəngəzur dəhlizi istənilən halda fəaliyyət göstərəcək:

“Ermənistan bu termini nə qədər istəməsə də, o, faktiki olaraq "dəhliz" kimi işləyəcək. Dünyanın bir çox ölkəsində bu, normal praktikadır. Ermənistan da nəhayət, bu mərhələdən keçməli olacaq. Yalnız bundan sonra Türkiyə ilə münasibətlərin normallaşması mümkündür”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?