“Birlik 2025” təlimi - təhlükəsizliyin türk modeli - ŞƏRH

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə “Birlik 2025” çoxmillətli regional təlimləri davam edir.
Üç mərhələdən ibarət olan təlimlərdə dövlət sərhədlərinin təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra edilir. Təlimlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi üçün imkan və bacarıqların inkişafına yönəlib.
Bu təlimlərin keçirilməsi bir sıra mühüm məqamları göstərir. Əvvəla, ölkənin inkişafının əsas şərti onun təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə sübut edib ki, ordu quruculuğu və ən müasir silahlara sahib olmaq təkcə təhlükəsizlik təminatı deyil, eyni zamanda ölkənin gələcək inkişafı üçün də əsaslı zəmin yaradır.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulduğu kimi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Artıq bir neçə dəfə birgə təlimlər keçirilib. TDT liderlərinin Zirvə görüşlərində qəbul edilən qərarlar bu cür təlimlərin türk dünyasında inteqrasiya prosesinə müsbət təsir göstərdiyini sübut edir.
Qəbələdə keçirilən son TDT sammitində də regional sülh və təhlükəsizlik mövzusu əsas prioritetlərdən biri kimi müzakirə edilib. Buna görə də bu tip hərbi təlimlərin təşkili həm aktuallığı, həm də strateji əhəmiyyəti ilə seçilir. Müntəzəm şəkildə keçirilən birgə hərbi təlimlər TDT-nin güclənməsinə, onun geosiyasi mərkəzə çevrilməsinə və türk dünyasının yeni mərhələyə qədəm qoymasına şərait yaradır.
Rəsmi Bakı bir çox sahələrdə əməkdaşlıq üçün türkdilli dövlətləri üstün tutur. Müdafiə sənayesi, hərbi təlimlər, elmi-tədqiqat və media sahələrində ortaq fəaliyyət türk dünyasında inteqrasiyanı gücləndirir. Hazırda keçirilən birgə hərbi təlimlər də sübut edir ki, TDT-yə üzv ölkələr arasında qarşılıqlı etimad, ortaq maraqlar və təhlükəsizlik məsələlərinə vahid yanaşma formalaşıb.
Son dövrlər dünyada baş verən silahlı toqquşmalar və geosiyasi dəyişikliklər dolayı və birbaşa şəkildə regionumuza da təsir edir. Bu şəraitdə TDT ölkələri siyasi, iqtisadi və hərbi sabitliyi qorumaq məqsədilə müdafiə imkanlarını genişləndirir və birgə təlimlər vasitəsilə təcrübə mübadiləsi aparır.
Regional və qlobal təhlükəsizliyin təmin olunması məqsədilə Azərbaycanın digər türk dövlətləri ilə çoxtərəfli formatda hərbi əməkdaşlıq aparması tamamilə məqsədəuyğundur.
Belə təlimlər qarşılıqlı təcrübə mübadiləsinə, yeni müdafiə texnologiyalarının sınaqdan keçirilməsinə imkan yaradır, hərbçilərin bilik və bacarıqlarını artırır, peşəkar potensialını genişləndirir. TDT çərçivəsində hərbi əməkdaşlıq regionun təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, türk dövlətləri arasında güclü strateji birliyin formalaşmasına da töhfə verir.
Hikmət Həsənov