Azərbaycan və Qazaxıstan: Türk birliyinin dayağı - TƏHLİL

Azərbaycan və Qazaxıstan münasibətlərinin sürətli inkişaf dinamikası və onun nəticələri bu gün təkcə iki ölkə deyil, bütövlükdə türk dünyası üçün müstəsna əhəmiyyətə malikdir. Məhz bu kontekstdə ölkələrimiz arasında əlaqələrin dərinləşməsi türk xalqlarının qlobal arenada birgə mövqelərinin güclənməsinə, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə mühüm töhfə verir.
Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı təsirsiz ötüşmür. Ölkələrimiz arasında əlaqələrin dərinləşməsində TDT çərçivəsində əməkdaşlıq da böyük önəmə malikdir.
Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
Dövlət başçısı xatırladıb ki, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verib:
“Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.”
Prezident İlham Əliyev əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir:
“Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin və birliyinin inkişafında mühüm mərhələ olub. Gələn il bu əlamətdar forumun 100 illiyi tamam olur və ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.”
Eyni etnik, dil, din və mədəniyyət ailəsinə mənsub olan Azərbaycan və Qazaxıstan xalqları arasında mənəvi bağlar ölkələrimizi bir-birinə sadəcə tərəfdaş kimi deyil, qardaş dövlətlər kimi yaxınlaşdırır. Hər iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev türk dünyasının birliyi ideyasını xarici siyasətlərinin prioritet istiqamətlərindən biri kimi müəyyən ediblər.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri və onun nəticələri yalnız hər iki ölkə üçün deyil, ümumən türk dünyası üçün böyük əhəmiyyət daşıyır.
Müstəqillik illərində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edən təqribən 170 sənəd imzalanıb. Bunun nəticəsində siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri formalaşıb.
Sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi diqqət çəkir.
Azərbaycan–Qazaxıstan əməkdaşlığının ən mühüm istiqamətlərindən biri Orta Dəhliz layihəsidir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirən əsas ticarət arteriyası olmaqla türk dünyasının iqtisadi inteqrasiyasını praktik səviyyəyə daşıyır. Qazaxıstanın Aktau və Kurık limanları ilə Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında konteyner daşımalarının artması türk dünyasının vahid iqtisadi məkanının formalaşmasına təkan verir.
Azərbaycan və Qazaxıstan enerji sektorunda əməkdaşlığı genişləndirərək türk dünyasının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə daşınması Xəzər dənizini türk dövlətləri arasında enerji körpüsünə çevirib. Bununla yanaşı, hər iki ölkə “yaşıl enerji” layihələrinə xüsusi diqqət yetirir.
Azərbaycan və Qazaxıstan həmçinin türk dünyasının rəqəmsal inteqrasiyası istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. “Rəqəmsal İpək Yolu” kimi layihələr, süni intellekt, kibertəhlükəsizlik və startap ekosistemi sahəsində əməkdaşlıq bu əlaqələrin strateji dərinliyini artırır.
Bütün bu proseslər türk dünyasının qlobal siyasətdə rolunu gücləndirir və Azərbaycan–Qazaxıstan münasibətlərini bu birliyin əsas hərəkətverici qüvvəsinə çevirir.
MTM Analitik Qrupu